Yaşayış minimumunun MƏBLƏĞİ: “190 manat insanları yoxsulluqdan deyil, aclıqdan qoruyur” – İqtisadçıdan TƏKLİF

“Bakı və Sumqayıt kimi şəhərlərlə yanaşı, ölkənin digər bölgələri üzrə yaşayış minimumunun ayrıca təsdiqlənməsi imkanlarına baxmaq lazımdır”.


Rövşən Ağayev

AzerTimes xəbər verir ki, bunu əhalinin müxtəlif sosial qruplarına maddi dəstək verilməsi ilə bağlı irəli sürülən təşəbbüsləri dəyərləndirən iqtisadçı Rövşən Ağayev deyib.

İqtisadçı hesab edir ki, Azərbaycanda bir sıra sosial norma və normativlərin dəyişdirilməsinə ehtiyac var. Həmin normaitvlərdən biri də yaşayış minimumudur:

“Azərbaycanda yaşayış minimumunun hazırkı strukturu insanları yoxsulluqdan deyil, aclıqdan qorumaq üçündür. Nəzərə alaq ki, Azərbaycan artıq 15 ilə yaxındır, Dünya Bankının təsnifatında “aşağı gəliri ölkə” qrupundan “orta yuxarı gəlirli ölkə” qrupuna keçib.

Bu iki təsnifat arasında yoxsulluğun ölçülməsi üçün istifadə olunan adambaşına düşən gəlir səviyyəsi arasında 2 dəfə, eləcə də istehlak normativləri arasında əhəmiyyətli fərq var. Hökumət rəsmi olaraq ərzaq və qeyri-ərzaq səbətinin dəyərini ayrı-ayrılıqda təsdiqləməsə də, beynəlxalq təcrübədə onlar bir-birindən ayrı təsdiqlənir.

İndi haradan bilmək olar ki, təsdiqlənən 190 manatın hansı hissəsi ərzaq xərcimiz kimi nəzərdə tutulur? Nə mane olur ki, qərarda ərzaq, xidmət və qeyri-ərzaq səbətinin dəyəri ayrıca təsdiqlənsin?

Onu da nəzərə alın ki, bizdə yoxsulluq səviyyəsi ailə bazasında hesablanır, yoxsulluq müavinəti də ailə üzvlərinin sayından asılı olaraq təyin edilir. Dünya təcrübəsində 1 nəfər üçün hesablanan yaşayış minimumu ilə yanaşı, 2,3,4 və daha çox üzvdən ibarət olan ailələr üçün də yaşayış minimumu ayrıca təsdiqlənir.

Məsələn, Türkiyə təcrübəsində “aclıq həddi” və “yoxsulluq həddi” ayrıca hesablanır. “Aclıq həddi” insanların yalnız ərzağa olan tələbatının dəyəridir. Türkiyədə yaşayış minimumunun dəyərinin 70 faizi qeyri-ərzaq və xidmətlər səbətinə aiddir. Bu baxımdan, ölkəmizdə də bir sıra sosial norma və normativlərin dəyişdirilməsi zəruridir”.

Gülşən Şərif

azertimes.az