YARAT Rəşad Ələkbərovun yeni “Sən özünsən!” adlı fərdi sərgisini təqdim etdi (FOTO)

YARAT Müasir İncəsənət Məkanı 10 iyun – 30 dekabr tarixlərində YARAT Müasir İncəsənət Mərkəzində Rəşad Ələkbərovun “Sən özünsən!” adlı fərdi sərgisini təqdim edib.

AzerTimes xəbər verir ki, immersiv layihədə rəssamın YARAT-ın sifarişi ilə hazırladığı yeni heykəl və instalyasiyaları nümayiş olunur.

Xitabən, Ələkbərovun “Özünsən!” sərgisi tamaşaçı ilə səssiz, lakin düşünməyə vadar edən bir dialoqudur. Bu dialoqun baş tutmasının əsas açar elementi labirintdir. O, insanı həqiqətə/özünüdərketməyə aparan yol simvolu kimi hərəkət, yenilənmə və yeni doğuluş ideyasından çıxış edir. “Makqaffin effekti”ni nəzərdə tutaraq, rəssam labirint kontekstindən çıxış edir və əşyanın/hadisənin deyil, prosesin/yolun önəmli olduğunu vurğulayır. Alleqoriya və metaforalar dili ilə danışan instalyasiyalar insan varlığının ən dərin qatlarına baş vuraraq, ikimənalı fikirləri üzə çıxarır. Bu anlayışdan qaynaqlanaraq, Ələkbərovun bəşəriyyət və cəmiyyət, yaranış və varlıq, yaddaş və xatirə, etiqad, siyasi strukturlar, kitç mədəniyyətinə əsaslanan müraciəti və onun istinadlarının əsas ünvanı məhz insanın özüdür.

Sərgi, labirint mövzusunun adaptasiyasından daha çox, onun transformasiyası və ideyasının genişləndirilməsini əks etdirir. Bu “səyahətdə” müxtəlif “alətlərdən” istifadə edərək, rəssam keçmiş və baş verən proseslərdən danışır. Labirintin əsas obrazlarından biri, Krit çarı Minosun qızı – Ariadnanın qırmızı sapına istinadən, rəssam labirint boyunca yönəldici mesajlar yazır. Bu mesajlar sərgidə olan əsərlərin başa düşülməsində köməkçi vasitə və layihə konseptinə tabe olmaq fikirləri kimi səsləndirilir. Avropa dəyərlərini mədəni və mənəvi prizmadan açıqlayaraq, rəssam Şərq fəlsəfi fikri və mifologiyası ilə kəsişən paralellər qurur. Avtobioqrafik elementlərin mövcud olduğu əsərlərdə, rəssam xatirə və yaddaş mövzusuna toxunur. Bu leytmotivi təşkil edən komponentlərə uşaqlıq oyunlarından tutmuş, postsovet ölkəsinin məişətinə qədər olan fraqmentlər aiddir. Yığılmamış pazlın hissələri kimi bu fraqmentlər bütün labirint boyunca səpələnib. “Mən burada olmuşam” kəlməsi isə Ələkbərovun Venesiya Biennalesindəki layihəsini xatırladaraq, həm də lokal xarakterli submədəniyyətlərə istinadıdır.

***

Sərginin kuratoru Fərəh Ələkbərlidir.

***

Rəssam haqqında

Rəşad Ələkbərov (d. 1979, Bakı) Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Dekorativ-tətbiqi sənət fakültəsinin məzunudur (2001). Rəssamın yaradıcılığına boyakarlıq, heykəltəraşlıq, səhnəqrafiya, video-art, memarlıq dizaynı istiqamətləri daxildir, həmçinin onun müasir incəsənətdə özü üçün seçdiyi istiqamət – kölgələrlə instalyasiyalardır. Bu instalyasiyalar vasitəsilə o, aktual mövzularda olan fikir/mesajlarını çatdırır. R. Ələkbərovun ilk kölgə instalyasiyası 2000-ci ildə “Zamanın qanadları” sərgisində nümayiş olunub. Onun fərdi sərgiləri müxtəlif məkanlarda nümayiş olunub: “İşığın sehri” (Dalian Times Square, Dalyan, ÇXR, 2018) “Sözlər” (Bakı Müasir İncəsənət Muzeyi, 2014); “Başqa şəhər” (“YAY” qalereyası, Bakı, 2013). Rəşad Ələkbərov bir çox yerli və xarici tədbirlərin iştirakçısıdır: “Beyond the Shadows” (Taynan, Tayvan, 2019) MiSK İncəsənət Festivalı (Ər-Riyad, Səudiyyə Ərəbistanı, 2019, 2017 ); İslam İncəsənəti Festivalı (Şarja, BƏƏ, 2018, 2016, 2012); Cosmoscow Art Fair (Moskva, Rusiya, 2014); Artbat Fest (Almatı, Qazaxıstan, 2014); 12-ci Avesta İncəsənət Festivalı (Stokholm, İsveç, 2014); East Wing Biennialesi (London, Böyük Britaniya, 2014) həmçinin o, Azərbaycanı 52-ci, 55-ci və 56-cı Venesiya Biennalelərində təmsil edib. Rəssamın əsərləri Azərbaycan, Türkiyə, İtaliya və Rusiyada şəxsi kolleksiyalarda saxlanılır.

***

Redaktorlar üçün qeyd:

Sərgi: Rəşad Ələkbərov, “Özünsən!” fərdi sərgi

Məkan: YARAT Müasir İncəsənət Mərkəzi (Dövlət Bayrağı Meydanı)

Keçirilmə tarixləri: 10 iyun – 30 dekabr, 2021-ci il

Sərginin iş rejimi: Çərşənbə axşamı – bazar, saat 12:00 – 20:00

Giriş sərbəstdir

***

YARAT haqqında

YARAT Müasir İncəsənət Məkanı qeyri-kommersiya təşkilatı Aida Mahmudova tərəfindən 2011-ci ildə təsis edilib, Azərbaycanın paytaxtı Bakıda yerləşir. YARAT (“yaratmaq” mənasında) müasir incəsənət sahəsində fəaliyyət göstərir və Qafqaz, Mərkəzi Asiya, habelə ətraf regionlarda yaradıcılıq təcrübəsi, araşdırma, düşüncə və təhsil üzrə şəbəkənin yaradılması ilə bağlı uzunmüddətli öhdəlik götürüb.

YARAT Müasir İncəsənət Mərkəzi, XX-XXI əsrlər Azərbaycan Rəngkarliği Muzeyi, ARTIM Layihə Məkanı və ARTIM Lab Emalatxanası geniş təhsil və ictimai layihələri YARAT Müasir İncəsənət Məkanı İctimai Birliyinin tərkib hissələridir. YARAT Mərkəzi 2015-ci ilin mart ayında açılıb və təşkilatın əsas sərgi məkanı sayılır. Üzü Xəzər dənizinə tərəf açılan və sovet dönəmində hərbi donanma qərargahı olmuş bu yeni 2000m² ərazisi olan mərkəz müasir incəsənətə və onun tədrisinə xidmət edən regional miqyaslı qovşaqdır. Sərgi proqramına regionumuzu təhlil edən rəssamların yeni əsərləri daxildir. Mərkəz tanınmış, beynəlxalq səviyyəli rəssamlarla əməkdaşlıq edərək onların sərgilərini nümayiş etdirir, regiondan olan rəssamları dəstəkləyir və onlara əsərlərini nümayiş etdirməyə imkan yaradır.

XX-XXI əsrlər Azərbaycan Rəngkarlığı Muzeyi müxtəlif kolleksiyalardan olan əsərlər ilə silsilə sərgilər, ictimai proqramlar və təhsil layihələri həyata keçirir. Muzey təhsil müəssisələri ilə sıx əməkdaşlıq edir, muzeyin peşəkar heyəti isə interaktiv ekskursiyaların köməyi ilə hər gün məktəbliləri və tələbələri ekspozisiya ilə tanış edir, onlara incəsənəti anlamağı və təfsir etməyi öyrədirlər.

2015-ci ilin oktyabrında, YARAT, Bakıda, qədim İçərişəhərdə, münasib və dinamik məkan olan ARTIM Layihə Məkanını təsis etdi. ARTIM (“tərəqqi” mənasında) – açıq müsabiqə vasitəsilə seçilən, Azərbaycanın perspektivli incəsənət peşəkarları və rezidentura proqramında iştirak edən beynəlxalq rəssamların eksperimental təcrübələri və yeni əsərlərini nümayiş etdirir. Hər il ARTIM Layihə Məkanında bir çox kiçik miqyaslı layihələr və ARTIM Lab proqramı keçirilir. Bu proqram, gənc rəssamların seminarlarda iştirak etməsinə, gündəlik emalatxana təcrübələrinə cəlb olunmasına, yeni ideyalar və əsərlər yaratmasına imkan verir.

Əsası 2016-cı ildə qoyulmuş YARAT Rezidentura Proqramı, müxtəlif sahələr üzrə açıq, tədqiqat əsaslı, təcrübəli Azərbaycan rəssamları və regionumuzu kəşf etməkdə maraqlı olan əcnəbi rəssamlar üçün nəzərdə tutulmuşdur. Bu proqram üç ay ərzində iştirakçılara öz əsərlərini hazırlamağa və çoxsaylı rəssamlar, kuratorlar və kolleksiyaçılar ilə dialoq aparmağa imkan yaradır. Rezidentura proqramı çərçivəsində il ərzində 5 beynəlxalq rəssam iştirak edir. Proqramın sonunda hazırlanmış sənət əsərləri ARTIM Layihə Məkanında nümayiş olunur.

Yarandığı gündən təhsil layihələri YARAT-ın fəaliyyətlərinin əsas məqsədini təşkil edir. YARAT, müxtəlif kurslar, seminarlar, mühazirələr, film nümayişləri, festivallar, ədəbiyyat və teatr klubları, habelə ailəvi həftə sonlarının daxil olduğu peşəkar ictimai proqramlar ilə, bütün yaş kateqoriyalarına aid geniş auditoriya ilə təmasda olmağa çalışır, həmçinin icmaların qurulmasını və müasir incəsənətin təbliğini fəal şəkildə həyata keçirir.

Teqlər: