Xocalı soyqırımı qurbanlarının Bolqarıstanda yad edilməsinə çağırış edilib

“Bolqarıstan–Azərbaycan Dostluğuna Yardım” İctimai Birliyinin sədri, “Akord” jurnalının baş redaktoru Mariya Pavlovna Atanasova-Hüseynova Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar Bolqaristanın Prezident Administrasiyasina, Xariciİşlər Nazirliyinə, parlamentinə və media qurumlarna müraciət edib.

Diasporla İş üzrə Dövlət Komitəsindən AzerTimes-a verilən məlumata görə, bəyanatda 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda baş verənlər barədə ətraflı məlumat verilib. Qeyd edilib ki, erməni silahlı birləşmələri Xocalının dinc əhalisinə amansız divan tutaraq, azərbaycanlılara qarşı əsl soyqırımı aktı törədiblər. “Xocalı faciəsinin 29-cu ildönümü ərəfəsində biz inamla və ümidlə dünya dövlətlərinə və xalqlarına, beynəlxalq təşkilatlara, yalnız milli mənsubiyyəti səbəbindən dinc insanlara əl qaldıranların məsuliyyətə cəlb olunması və qınanılması çağırışı ilə müraciət edirik. İnsanlığa zidd cinayət cəzalandırılmalıdır!”.


Birlik sədri nəzərə çatdırıb ki, dünyanın aparıcı dövlətləri, nüfuzlu beynəlxalq təşkilatları Azərbaycanın ədalətli mövqeyini getdikcə daha çox qəbul edirlər. O, bu anım günlərində bolqar ictimaiyyətini Xocalı soyqırımı qurbanlarının xatirəsini yad etməyə və bütün Azərbaycan xalqına dərin hüznlə başsağlığı verməyə çağırıb.

Teqlər: