Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Aprel Şəhidlərini yad edib (FOTO)

02.04.2021-ci il tarixində Xaçmazda Aprel döyüşlərində şəhid olan hərbçilərimizin ailələri ziyarət olunub. Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev şəhid ailələri ilə birlikdə torpaqlarımızın azadlığı uğrunda canından keçən vətən oğullarının məzarını ziyarət edib, önünə tər qərənfillər düzüblər.

Daha sonra rayon rəhbərliyi aprel döyüşlərində şəhid olan Elvin Azadxan oğlu Mirzəyevin yaşadığı ünvanda olub.

Mirzəyevlər ailəsi ilə görüşdə Azərbaycan Respublikasının Prezident İlham Əliyevin aprel şəhidlərinin şücaətini yüksək qiymətləndirdiyi, həmin döyüşləri tarixi qəhrəmanlıq adlandırdığı diqqətə çatdırılıb. Bu döyüşlər 2020-ci ilin 10 noyabr Zəfərinə, 44 günlük Vətən müharibəsində qazanılan tarixi Qələbəyə, doğma Qarabağa yenidən dönüşümüzə aparan yolun ilk uğuru, başlanğıcı kimi səciyyələndirilib.


Xaçmaz rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev aprel döyüşlərində igidlik göstərərək şəhid olan Elvin Sədrəddin oğlu Qayıbovun ailəsini də ziyarət edib.
Görüşdə ailənin təklif və müraciətləri dinlənilib. Şəhidin ailə üzvləri dövlət tərəfindən hərtərəfli qayğı və diqqət göstərildiyini bildiriblər. Görüşdə Elvin Qayıbovun şərəfli döyüş yoluna da nəzər yetirilib. Tankçı kimi düşmənə layiqli müqavimət göstərdiyi vurğulanıb.
Şəhid ailələri göstərilən diqqət qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

Teqlər: