Vətən Müharibəsi Qəhrəmanının xatirəsinə abidə inşa edilib (FOTO)

Biləsuvar rayonunda Vətən Müharibəsi Qəhrəmanı şəhid polkovnik-leytenant Orxan Əkbərovun şərəfinə inşa edilən xatirə abidəsinin açılış mərasimi olub.

Müdafiə Nazirliyindən AzerTimes-a verilən məlumata görə, mərasimdə şəhidin döyüş yoldaşları, Müdafiə Nazirliyinin əməkdaşları, qazilər, rayon rəhbərliyi və yaxınları iştirak ediblər.

Əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin və respublikamızın ərazi bütövlüyünün qorunması, bərpası, eləcə də tarixi torpaqlarımızın işğaldan azad edilməsi uğrunda şəhidlik zirvəsinə ucalan Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Hərbi orkestrin müşayiəti ilə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Açılış mərasimində çıxış edənlər şəhidin şərəfli həyat və döyüş yollarından, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında qazanılan Qələbənin tarixi əhəmiyyətindən danışıblar.

O.Əkbərovun Vətən müharibəsində göstərdiyi qəhrəmanlıq və şücaətinin gənc nəslə örnək olduğu tədbir iştirakçıları tərəfindən qeyd olunub.

Sonda şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə Azərbaycan Prezidenti cənab İlham Əliyevə və Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlığını bildirib.

Teqlər: