Varşavada Xocalıya həsr olunmuş məlumatlandırma aksiyası təşkil edilib (FOTO)

Polşa Azərbaycanlıları Şurasının (PAŞ) təşkilatçılığı ilə Varşavanın “Plac Zamkovy” meydanında və mərkəzi küçələrində Xocalı soyqırımının 29-cu ildönümü ilə bağlı məlumatlandırma aksiyası keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən AzerTimes-a verilən məlumata görə, PAŞ sədri Fərid Cəfərli bildirib ki, mövcud pandemiya qaydalarına uyğun təşkil edilmiş akiya zamanı açıq səma altında Xocalı soyqırımı ilə bağlı çəkilmiş şəkillərin sərgisi təşkil olunub. Sərginin bannerinin önündə Varşavada təhsil alan azərbaycanlı tələbələr Fərid Abdullayev və Baba Abbasov gitara və tar alətlərində Qarabağa həsr olunmuş həzin musiqiləri ifa ediblər.
Yerli sakinlərə və turistlərə Xocalı soyqırımı haqqında dolğun məlumat verilib, faciəyə dair foto və məlumatların əks olunduğu bukletlər paylanılıb. Azərbaycanlı gənclər Polşa xalqını və hökumətini Xocalı soyqırımına susmamağa, Azərbaycan xalqının ədalətli mövqeyini dəstəkləməyə çağırıblar. Aksiya zamanı sakinlərə çay da təklif edilib. Həmin çay fincanlarının üzərindən QR kodunu oxudan sakinlər mobil telefonlarının ekranında Xocalı soyqırımı ilə bağlı geniş məlumatla tanış ola biliblər.

Bundan başqa, soydaşlarımız Polşa Seyminin bütün deputatlarının elektron ünvanlarına “Xocalıya ədalət!” tələbi ilə bəyanatlar və yerli xəbər portallarına məlumatlar göndərməkdə davam edirlər.

Teqlər: