Ümid edirəm ki, turizmdə əvvəlki vəziyyətə 2023-2024-cü illərdə qayıda biləcəyik – Fuad Nağıyev

İsmayıllı. Çingiz Səfərli – Trend:

Ümid edirəm ki, turizmdə əvvəlki vəziyyətə 2023-2024-cü illərdə qayıda biləcəyik.

Bunu AzerTimes-a özəl açıqlamasında Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev deyib.

Agentlik sədri bildirib ki, bu, əsasən pandemiyanın nə qədər davam edəcəyindən asılıdır:

“2019-cu ildə Azərbaycana 3 milyon 219 min xarici vətəndaş gəlib. Bunun əksəriyyəti turist olub. 2020-ci ilin yanvar-fevral aylarında 18 faiz artım olub. Amma sonra pandemiyanın başlaması bütün planlarımızı pozdu. Bu, böyük zərərdir. Təkcə Azərbaycana deyil, bütün dünyaya bu zərbə dəyib.

Optimist proqnozlarımıza görə, biz pandemiyadan əvvəlki vəziyyətə 2023-cü ildə qayıdacağıq. Amma mən düşünürəm ki, tam şəkildə bərpa 2024-cü ildə reallaşacaq.

Bildiyiniz kimi iyunda Baş nazir müvafiq sərəncam imzalayıb və 20 ölkənin turistləri üçün sərhədlər açılıb. Bu, bizə həmin ölkələrdə marketinq siyasətimizi yenidən aparmağa imkan verir. Amma bu o demək deyil ki, biz epidemioloji vəziyyəti nəzərə almayacağıq. Müşahidə edirik ki, bəzi ölkələr sərhədləri açdıqdan sonra yoluxma sayı artır. Düzdür, Dövlət Turizm Agentliyi kimi bizim vəzifəmiz ölkəyə daha çox turist cəlb etməkdir, lakin pandemiyanı da nəzərə almalıyıq”.

Twitter:@cingizsafarli

Teqlər: