Türkiyədə Əhməd Cavadın xatirəsi anılıb

Azərbaycan şairi Əhməd Cavadın ölümünün 84-cü ildönümü ilə əlaqədar Türkiyənin Yerli Düşüncə Dərnəyi anım mərasimi keçirib.

Trend-in məlumatına görə, tədbirdə iştirak edən Türkiyə prezidentinin baş müşaviri Yalçın Topçu öz çıxışında şair haqqında ətraflı məlumat verib.

O bildirib ki, 1892-ci il mayın 5-də Şəmkirdə anadan olmuş Azərbaycanın milli şairi, türk dünyasının övladı, Əhməd Cavad Axundzadə geniş kütlələrə “Çırpınırdı Qara dəniz” şeiriylə tanınır: “Sovet Rusiyasının kommunist qatilləri illərlə davam etdirdikləri təqsirləndirmələrlə dəfələrlə həbs etdikləri şairi 1937-ci ildə əks-inqilabçı fəaliyyətdə və pantürkçülükdə ittiham edərək ölüm cəzasına məhkum edib. Güllələnərək öldürüldükdən 18 il sonra, 1955-ci ildə Əhməd Cavadın təqsirsizliyi sübut edilib və ona bəraət verilib”


Y.Topçu bildirib ki, türk milləti Ə.Cavadı Birinci dünya müharibəsində Anadolu bölgəsində “Bakı Müsəlman Cəmiyyəti-Xeyriyyə” və “Qardaş yardımı” təşkilatları vasitəsilə rus işğalına qarşı mübarizə zamanı göstərdikləri yardımlar sayəsində xatırlayır: “Azərbaycanın yetişdirdiyi türk dünyasının qəhrəmanı, münəvvəri və mücahidi Əhməd Cavad dünya durduqca rəhmət və minnətlə anılacaq. O, “Bakı Müsəlman Cəmiyyəti-Xeyriyyə” üzvü olaraq Batum, Trabzon, Qars, Ardahan, Sarıqamış və Ərzurumdakı türklərə və rus ordusuna əsir düşən osmanlı əsgərlərinə yardım apardığında, işğal altındakı türk torpaqlarını və qardaşlarını görəndə 1915-ci il martın 22-də “Nə gördümsə” şeirini qələmə alıb”.

Teqlər: