TikTok ABŞ hökumətini məhkəməyə verdi

TikTok ABŞ hökumətini məhkəməyə verdi

Çin sosial şəbəkəsi “TikTok” ABŞ Prezidenti Donald Trampın imzaladığı və “TikTok”un istifadəsinə qadağa qoyulmasını nəzərdə tutan fərmana qarşı məhkəmə iddiası qaldırıb.

Bu barədə şirkət açıqlama yayıb.

“Hökuməti məhkəməyə vermək bizim üçün asan deyil. Ancaq hüquqlarımızı, habelə icmalarımızın və işçilərimizin hüquqlarını qorumaq üçün hərəkət etməkdən başqa çarəmiz yoxdur”, – deyə “TikTok”un yaydığı press-relizdə bildirilir.

Qeyd edək ki, avqustun 6-da imzalanan fərman dərc edildiyi tarixdən 45 gün sonra “TikTok”un sahibi “ByteDance” şirkəti ilə ABŞ-ın yurisdiksiyasında olan hər hansı bir əmlakla bağlı istənilən əməliyyatın aparılmasını qadağan edəcək.

Trampın sonrakı icra sərəncamında isə şirkətə müqaviləni başa çatdırması üçün 90 gün vaxt verilib.

Orijinal icra sərəncamında bildirilib ki, “TikTok” ABŞ iqtisadiyyatına və milli təhlükəsizliyinə təhlükə törədir. ABŞ rəsmiləri Çin hökumətinin ABŞ vətəndaşları istifadəçilərinin məlumatlarını əldə edəcəyindən qorxurlar. Şirkət iddia edir ki, bu məlumatları heç vaxt orqanlara ötürmür.