Telejurnalist Günel Gözəlova klinikanın cərrahını məhkəməyə verdi

Xəbər - Samir Əli – Trend:

Telejurnalist Günel Gözəlova məhkəməyə müraciət edib.

Bu barədə AzerTimes-a jurnalist özü məlumat verib. G. Gözəlova həyat yoldaşının səhv əməliyyat olunması üçün məhkəməyə üz tutub: “Həyat yoldaşım Anar Gözəlov səhhətində yaranan problemlərlə bağlı (kəskin böyrək ağrısı)Buta Klinikasında cərrah uroloq-androloq Araz Bayramova müraciət edib.

Adıçəkilən klinikada uroloq Araz Bayramovun təyinatı üzrə fevralın 6-da A. Gözəlovdan əməliyyat öncəsi sağlamlığının əməliyyata hazır olub-olmadığını müəyyən etmək üçün qan analizləri götürülüb. Fevralında 18-də yoldaşım əməliyyat olunub. Əməliyyatdan ayılan kimi onun səhhətində ciddi problemlər müşahidə olundu. Amma klinikanın stasionar şöbəsinin baş tibb bacısı vəziyyəti ciddiyə almadı, cərrah-uroloqsa vəziyyətdən 1 sutka sonra xəbərdar oldu. Həyat yoldaşım əməliyyatdan sonra anlaqsız vəziyyətə düşdü, nitqində çox ciddi qüsurlar müşahidə edildi, üzvi mənşəli şəxsiyyət pozuntusu diaqnozu ilə 5 aydır müalicə alır.

Biz Buta Klinikasında nevropotoloq olmadığına görə kənardan dəvət olunan nevropotoloqun təkidi ilə 10 gün sonra olunan MRT müayinəsi zamanı müəyyən edildi ki, yoldaşım Anar Gözəlov əməliyyat vaxtı ikitərəfli beyin infarktı keçirib”.

G. Gözəlova məsələ ilə bağlı məhkəməyə müraciət edib. İş Nərimanov rayon Məhkəməsində hakim Vüqar Quliyevin icraatına verilib. İş üzrə Məhkəmənin hazırlıq iclası keçirilib, məhkəmə baxışı iyulun 27-ə təyin edilib.

Qeyd edək ki, telejurnalist Günel Gözəlova həkimin cəzalandırılması, əməliyyatda baş verənlərin ciddi araşdırılması üçün Prezident İlham Əliyevə, Vitse-Prezident Mehriban Əliyevaya, Daxili İşlər naziri Vilayət Eyvazova, Baş prokuror Kamran Əliyevə, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Əli Nağıyevə, Səhiyyə Nazirinin müavininə məktubla şəxsən müraciət edib. Tanınmış telejurnalist Günel Gözəlovanın qeyd olunan məktubu ilə bağlı hazırda məhkəmədən kənar Nərimanov rayon Prokurorluğunda araşdırma aparılır.

Teqlər: