Tanınmış meyxanaçı Bayram Kürdəxanlı vəfat etdi

Tanınmış meyxanaçı Bayram Kürdəxanlı vəfat etdi

Tanınmış meyxana ustası Bayram Kürdəxanlı (Bayramqulu Quliyev) avtomobil vurması nəticəsində ölüb.    

Hadisə Kürdəxanı qəsəbəsində baş verib. Bayram Kürdəxanlı yolu keçərkən onu qəsəbə sakini Emin Fərhadov tərəfindən idarə olunan “Peugeot” markalı avtomobil vurub. B.Kürdəxanılı ağır xəsarətlərlə 3 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılıb, lakin onun həyatını xilas etmək mümkün olmayıb.

Sürücü E.Fərhadov saxlanılıb, onun barəsində cinayət işi başlanılıb.

Məlumata görə, hadisə B.Kürdəxanlı qəsəbədəki toy mərasimindən evinə gedərkən baş verib.

Bayramqulu Məşədi Məmmədqulu oğlu Quliyev 1961-ci ilin dekabrın 31-ində Kürdəxanıda doğulub. Kürdəxanıdakı 113 saylı orta məktəbi bitirib. Meyxana sənətinə kiçik yaşlarından gəlib. İlk şeirlərini böyük qardaşı şair Nəcəfqulunun təsiri ilə yazmışdır. Əsgərlikdən qabaq da şeir deyən Bayram, bunu sonra da davam etdirir. 1982-ci ildən 1985-ci ilə qədər AzTV-də işləyib.

Yeni xəbər
Mərhum saat 14.00-da Kürdəxanı qəbiristanlığında, atasının yanında dəfn olunacaq.

Qonşuların dediyinə görə, hadisə B. Kürdəxanlı qəsəbədəki toy mərasimindən evinə qayıdarkən baş verib. Meyxanaçını maşınla vuran sürücü Emin Fərhadov Maştağa kənd sakini imiş. Kənd camaatının sözlərinə görə, həmin şəxs Ağamirzənin qohumudur.

Ağamirzə özü xəbəri təsdiqləyib: “Bayramı vuran Emin mənim uzaqdan-uzağa qohumumdur. Kim istəyərdi ki belə hadisə olsun?! Emin danışır ki, hadisə baş verən zaman maşını yüksək sürətlə idarə etməyibmiş. Bayram qəfildən maşının altına girib, Emin avtomobili qaçırtsa da, xeyri olmayıb. Elə özü də onu xəstəxanaya çatdırıb”.

Ağamirzə gecə xəstəxanada Bayramın yanında qaldığını deyib: “Reanimasiyada idi, içəri girdim, qardaşı da mənimləydi. Nə qədər çağırdım ki, Bayram, gözünü aç, yanındayam, eşitmədi. Komadaydı. O boyda türmədə ölməyəsən, gəlib bir maşının altında qalasan. Qismətə bax. Hələ də şokdayam, özümə gələ bilmirəm”.