Tam orta təhsil səviyyəsi üzrə növbəti buraxılış imtahanları keçirilib

Xəbər - Elçin Mehdiyev – Trend:

Dövlət İmtahan Mərkəzi tərəfindən bu gün tam (11 illik) orta təhsil səviyyəsi üzrə növbəti buraxılış imtahanları keçirilib.

AzerTimes-ın məlumatına görə, Mərkəz tərəfindən pandemiya şəraitinin tələblərinə əsasən iştirakçıların yalnız tibbi maska ilə imtahan binasına daxil olmasına icazə verilib. Buraxılış rejimi yeni qaydalara uyğun şəkildə tənzimlənib, imtahan heyəti müvafiq qoruyucu vasitələrlə (əlcək, üz sipəri, tibbi maska və s.) təmin olunub.

29 aprel 2021-ci il tarixində Naxçıvan MR-də, Bərdə, Göyçay, Göygöl, Lerik, Qusar, Sabirabad, Şəmkir rayonlarında, Şəki şəhərində yerləşən ümumtəhsil müəssisələrinin məzunları üçün Dövlət İmtahan Mərkəzi tərəfindən tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları keçirilib.

Bu gün, həmçinin Bakı şəhərinin xüsusi ümumtəhsil müəssisələrində – internat məktəblərində, xüsusi axşam-qiyabi orta məktəblərdə, cəzaçəkmə müəssisələrində yerləşən məktəblərdə, Çilov adasında yerləşən məktəbdə, ingilis və ya fransız dilli məktəblərdə təhsil alan şagirdlər üçün də imtahan keçirilib.

İmtahanlarda fiziki məhdudiyyətli (gözdən əlil, serebral iflic və s.) 54 şagird iştirak edib. Bu şagirdlərin rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında xüsusi zallar ayrılıb, gözdən əlillər üçün fərdi nəzarətçilər təyin edilib.

İmtahanların təşkil edilməsi üçün ümumilikdə 69 imtahan binası, 1024 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 69 ümumi imtahan rəhbəri, 166 imtahan rəhbəri, 1271 nəzarətçi–müəllim, 116 buraxılışı təşkil edən əməkdaş (mühafizə), 69 bina nümayəndəsi ayrılıb.

Teqlər: