Snapdragon 888-ə sahib ilk smartfon Xiaomi Mi 11 təqdim olundu

Xiaomi şirkəti xüsusi tədbir çərçivəsində yeni flaqman smartfon olan Mi 11-i təqdim edib.

AzerTimes Technote-yə istinadən xəbər verir ki, bu smartfon dünyada Snapdragon 888 prosessorunu əldə etmiş ilk smartfon olub.

Bununla yanaşı Mi 11 həmçinin yüksək təsvir tezliyinə sahib ekran və keyfiyyətli stereo səsgücləndiricilər əldə edib. Smartfon 3200×1440 pksel keyfiyyətli 6.81 düym AMOLED ekrana sahibdir.

Ekranın kənarları əyilmiş dizaynda reallaşdırılıb. Bununla yanaşı smartfonun ekranı 120 Hzlik təsvir yenilənməsini dəstəkləyir və Gorilla Glass Victus qoruyucu şüşəsi ilə əhatə olunub.

Xiaomi-nin sözlərinə əsasən Mi 11-in ekranı hal hazırda bazarda olan ən yaxşı smartfon ekranlarından biridir. Mi 11-in ekranı DisplayMate saytının ən yüksək A+ reytinqini əldə edib.

Qeyd etmək lazımdır ki, barmaq izi skanı texnologiyası da birbaşa ekrana inteqrasiya edilib.

Əsas texniki göstəricilərə gəldikdə isə Mi 11 modeli Snapdraogn 888 prosessoru, 8/12 GB RAM, 128/256 GB daxili yaddaş həcmi, 108 MP (f/1.85 diafraqmalı 7 optikalı linza, OIS) + 13 MP (f/2.4 diafraqma) + 5 MP (f/2.4 diafraqmalı teleobyektiv) üçlü arxa kamera, 20 MP-lik ön kamera və 4600 mAh enerji tutumlu batareya ilə təchiz olunub.

Qeyd etmək lazımdır ki, Mi 11 smartfonu 55 vatt gücündə sürətli naqilli, 50 vatt gücündə sürətli naqilsiz və 10 vatt gücündə ikitərəfli şarj texnologiyalarını dəstəkləyir. Smartfonun səsgücləndiriciləri Harman və Kardon şirkətlərinin mütəxəssisləri tərəfindən hazırlanıb.

Səsgücləndiricilərdən biri smartfonun yuxarı hissəsində, digəri isə aşağı hissəsində yerləşdirilib. Xiaomi Mi 11 modeli MIUI 12 interfeysli Android 11 əməliyyat sistemi vasitəsilə çalışır. Həmçinin təqdimatda uzun müddətdir ki, ortada gəzən məlumat da təsdiqləndi. Belə ki, Mi 11-in qutusunda şarj cihazı və naqili olmayacaq. Lakin Çində rəsmi Xiaomi mağazasından Mi 11-i alacaq şəxslərə 55 vatt gücündə olan şarj cihazı pulsuz veriləcək. Bu cür özəlliyin digər ölkələrdə olub-olmayacağı bilinmir.

Smartfonun satışlarına 1 yanvar tarixində start veriləcək. Onun qiymətləri isə aşağıdakı kimidir:

– 8 GB RAM + 128 GB daxili yaddaş – 612$

– 8 GB RAM + 256 GB daxili yaddaş – 657$

– 12 GB RAM + 256 GB daxili yaddaş – 719$.

azertimes.az