Siyasi partiyalar arasında dialoq istiqamətində real addımlar yeni siyasi mühitin formalaşmasına səbəb oldu – Tamam Cəfərova

11 aprel 2018-ci il növbədənkənar Prezident seçkilərindən 3 il ötür. Ötən 3 il hər birimizə göstərdi ki, Azərbaycan xalqı seçimində yanılmayıb, prezident İlham Əliyev hər zaman olduğu kimi Azərbaycan xalqına verdiyi vədləri sonuna qədər yerinə yetirməyə qadir, güclü bir Liderdir.

Cənab İlham Əliyevin Respublika Prezidenti kimi fəaliyyətinin 2018-ci ilə qədərki dövründə kifayət qədər ciddi işlər görülmüş, qlobal layihələr reallaşdırılmaqla ölkənin iqtisadi müstəqilliyinə, resursların düzgün şaxələndirilməsi nəticəsində maliyyə sabitliyinə, ordu quruculuğu və müdafiə sənayesi sahəsində inqilabi dəyişikliklərə nail olunmuş, ciddi hərbi siyasi tərəfdaşlıqlar yaradılmış, habelə, əsas ümummilli problemimiz olan Qarabağ münaqişəsi üzrə ədalətli hüquqi bazanın formalaşdırılması istiqamətində həlledici regional və beynəlxalq hüquqi aktlar qəbul edilmişdir.

3 illik qısa bir dövrə nəzər yetirdikdə görürük ki, bu müddət ərzində Azərbaycan dövlətçilik tarixində dərin izlər qoyacaq mühüm işlər görülüb və bütün bunların özülü 2003-cü ildən başlayaraq qoyulub. Ulu öndər Heydər Əliyevin layiqli davamçısı kimi cənab Prezident İlham Əliyevin ötən 18 ildə ən böyük hədəfi güclü, qüdrətli və bütöv Azərbaycan qurmaq idi. Bu gün böyük qürur hissi ilə deyə bilərik ki, ölkə başçımızın qətiyyəti, iradəsi, prinsipial mövqeyi, dərin siyasi bilik və bacarıqları sayəsində qarşıya qoyulan bütün hədəflər qət olunub.

Sadəcə 2018-ci ildən bu günə qədər ötən dövrü analiz etmək onu deməyə əsas verir ki, İlham Əliyev Azərbaycan xalqının alternativsiz Lideridir. Bu nöqteyi-nəzərdən ilk öncə Qarabağ münaqişəsinin həlli istiqmaətində beynəlxalq hüquqi bazanın formalaşdırılması üçün atılan addımları qeyd etməliyik. Əlbəttə bu sahədə əldə olunan bütün uğurların mərkəzində İlham Əliyev şəxsiyyəti və onun prinsipial mövqeyi dayanır. Məhz bu qətiyyətin və müdrik siyasətin sayəsində Azərbaycan xalqı tarixində görülməmiş birlik və həmrəylik nümayiş etdirərək tarixi torpaqlarımızın düşmən işğalından azad olunmasına nail oldu. Xalq-Ordu-Dövlət birliyinin sarsılmazlığı böyük qələbəmizin özülünü formalaşdırdı. Ordu quruculuğu sahəsində həyata keçirilən islahatlar, ordumuzun təchizatının ən yüksək səviyyədə olması, həmçinin ordunun döyüş qabilliyyətinin V nəsil müharibə adlandırılması, bütün bunlar cənab Prezident İlham Əliyevin geniş masştablı siyasətinin nəticəsi kimi qiymətləndirilməlidir.

Cənab Prezident İlham Əliyevin COVİD-19 pandemiyasına qarşı mübarizədə yürütdüyü uğurlu siyasət də ötən üç ilin ən böyük uğurlarındandır. Prezident cənab İlham Əliyev pandemiyaya qarşı mübarizədə beynəlxalq təşəbbüskarlıq göstərmiş liderlərdən biri kimi həmişə yaddaşlarda qalacaq. Beləki, cənab Prezidentin birbaşa təşəbbüsü nəticəsində 2020-ci ilin aprelində Türk Şurasının Zirvə toplantısı, 2020-ci ilin mayında Qoşulmama Hərəkatının Zirvə toplantısı və 2020-ci ilin dekabrında BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində xüsusi sessiyası keçirilib. Bunlarla yanaşı, Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon ABŞ dolları həcmində könüllü maliyyə yardımı ayırıb, həmçinin 30-dan çox ölkəyə koronavirusla mübarizədə birbaşa humanitar və maliyyə yardımı göstərib. Prezident İlham Əliyevin bu təşəbbüsləri beynəlxalq ictimaiyyət qarşısında Azərbaycanın güclü, beynəlxalq məsuliyyətinə sadiq bir ölkə olduğunu sübut edib.

Bütün bunlarla yanaşı, cənab Prezidentin ötən 3 illik fəaliyyətində təqdirəlayiq bir neçə məqamı da vurğulamalıyıq. Azərbaycanda vətəndaş cəmiyyətinin möhkəm əsaslarla qurulması sahəsində, siyasi partiyalar arasında dialoqun formalaşdırılması istiqamətində real addımlar yeni siyasi mühitin formalaşmasına səbəb oldu. Xüsusən də Prezident Administrasiyasında Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin yaradılması bu sahədə atılmış ən mühüm addımlardan biridir. Şübhəsiz ki, Vətən Müharibəsi dövründə siyasi partiyaların öz ambisiyalarından əl çəkib dövlətin ətrafında sıx birləşməsi Prezident İlham Əliyevin formalaşdırdığı uğurlu siyasi konfiqurasiyasının nəticəsi idi.

Əlbəttə ki, əldə olunan uğurlara nəzər yetdirdikdə, bütün bunlar üçün 3 ilin çox az bir vaxt olduğunu görürük. Lakin bu qısa zaman kəsiyində qazanılmış uğurlar Müasir Azərbaycan tarixinin ən parlaq səhifələrini təşkil edir. Və bütün bunlar onu deməyə əsas verir ki, Prezident İlham Əliyev Azərbaycan dövlətini və xalqını işıqlı gələcəyə aparacaq əvəzolunmaz Liderdir.

Milli Məclisin deputatı
Tamam Cəfərova

Teqlər: