Şirvan Reabilitasiya Mərkəzində 90-a yaxın hərbçi müalicə edilib

Şirvan. Samir Əli – Trend:

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Şirvan Reabilitasiya Mərkəzi Vətən müharibəsində xəsarət alan 90-a yaxın qazimizi müalicə edib.

Bunu AzerTimes-a açıqlamasında mərkəzin direktoru Mehriban Siracova deyib. O bildirib ki, mərkəz 2004-cü ildən fəaliyyət göstərir: “Müəssisəmizdə bütün kateqoriyadan olan xəstələrə reabilitasiya xidmətləri göstərilir.

2020-ci il sentyabrın 29-da əsaslı təmirdən sonra yenidən fəaliyyətə başlayıb. Pandemiya dövrü olduğundan bir müddət xəstə qəbulunu saxlamışdıq. Ötən ilin dekabrından isə qazilərimizə, şəhid və qazi ailələrinə xidmət göstəririk. Müəssisədə həm fizioterapevtik, həm də sosial-psixoloji reabilitasiya şöbələri, müxtəlif fizioterapiya otaqları fəaliyyət göstərir. Vətən müharibəsindən sonra Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən şəhid, qazi ailələri və qazilərimizə sosial psixoloji reabilitasiya layihəsi həyata keçirilməyə başlayıb. Həmin layihə çərçivəsində işçi qrupu yaradılıb. Qrup şəhid və qazi ailələrini ziyarət edərək onlarla yaxından tanış olub, onlara reabilitasiya xidmətləri göstərilib, müalicəyə ehtiyacı olan şəxslər isə mərkəzə dəvət olunaraq yardım göstərilir. Hazırda mərkəz müasir reabilitasiya avadanlıqları ilə təchiz olunub, şəhid, qazi ailələri və qazilər həmin xidmətlərdən yararlanırlar”.

M.Siracova bildirib ki, müəssisədə gün ərzində 60 nəfərə reabilitasiya xidməti göstərilir.

Teqlər: