Sahibkarlığın İnkişafı Fondu bu il üçün inkişaf strategiyasını açıqlayıb

Xəbər - Fidan Babayeva, tərcümə Orxan Nəbiyev – Trend:

İqtisadiyyat Nazirliyi nəzdindəki Sahibkarlığın İnkişafı Fondu 2021-ci il üçün sahibkarlığın inkişafı strategiyasını müəyyənləşdirib.

AzerTimes-ın məlumatına görə, bunu Fondun İdarə heyətinin sədri Kənan Nəcəfov ötən ilin yekunlarına və bu ilin hədəflərinə həsr olunan onlayn mətbuat konfransında deyib.

O bildirib ki, strategiya çərçivəsində əsas tapşırıqlardan biri Fondun dayanıqlı inkişafının təmin olunmasıdır:


“Qarşıda duran əsas strateji hədəflər sahibkarların güzəştli maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi, innovativ texnologiyalara əsaslanan yeni müəssisələrin yaradılması və inkişafına dəstək, həmçinin Fondun dayanıqlı inkişafının təmin edilməsidir. Bu məqsədlə Fond tərəfindən xüsusi Tədbirlər Planını hazırlanıb və artıq icrasına başlanılıb”.

Bununla yanaşı, pandemiyadan zərərçəkmiş iqtisadi fəaliyyət sahələri üzrə sahibkarlara 370 milyon manat yeni biznes kreditlərinin, bu kreditlərə 222 milyon manat məbləğində dövlət zəmanətinin və 58 milyon manat faiz subsidiyasının, eləcə də mövcud kreditlər üzrə faizlərin subsidiyalaşdırılmasına 80 milyon manat vəsaitin verilməsi proqnozlaşdırılır.