Rusiya regionda sülhə və Azərbaycanla əlaqələrin inkişaf etdirilməsinə böyük maraq göstərir – Naqif Həmzəyev

Prezident İlham Əliyevin Rusiyaya səfəri sübut etdi ki, Rusiyanın mövqeyi dəyişməyib, Azərbaycanla ikitərəfli əlaqələri davam etdirməkdə maraqlıdır. Rusiya dövlətimizin ərazi bütövlüyünə hörmətlə yanaşır, Şimal qonşumuz Ermənistanın bu məsələdə düzgün mövqe tutmasına təsir göstərəcək.

Bunu AzerTimes-a açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev Prezident İlham Əliyevin Rusiya Federasiyasına işgüzar səfəri barədə danışarkən deyib.

Deputatın sözlərinə görə, Rusiya Azərbaycanın mövqeyini bəyənir, regionda sülhün qorunub saxlanılması, Azərbaycanla ikitərəfli əlaqələrin inkişaf etdirilməsinə böyük maraq göstərir: “Vladimir Putin bildirdi ki, qısa zamanda Rusiyadan Azərbaycana nümayəndə heyətinin səfəri gözlənilir. Rusiya Prezidentinin Azərbaycanın post-münaqişə dövründə daimi sülhün əldə olunmasında maraqlı olduğuna görə cənab Prezident İlham Əliyevə təşəkkür etməsi də əsas məqamlardan biri kimi dəyərləndirilməlidir. İstənilən halda, Azərbaycan münaqişəni öz gücü hesabına həll edib. Azərbaycan ərazi bütövlüyünü bərpa edib və bölgədə kommunikasiya xətlərinin açılması və bərpa edilməsi üçün çox münbit şərait var. Üçtərəfli bəyanatda da göstərildiyi kimi, həm Rusiya, həm Ermənistan, həm də Azərbaycan bu kommunikasiya xətlərinin fəaliyyət göstərməsi razılığına gəlib. Ancaq Ermənistan tərəfinin seçkilərə qədərki dövrdə sərgilədiyi mövqedən fərqli mövqe ortaya qoymasının artıq vacib olduğu ekspertlər tərəfindən də söylənilir və bu baxımdan Rusiyanın bu məsələdə oynayacağı rol böyükdür. Həmçinin cənab Prezidentin Rusiyaya səfərindən öncə bildirdiyi fikirlər və orada səsləndirdiyi bir çox məqamlar var. Düşünürəm ki, artıq bu problemlərin aradan qalxmasına çox müsbət təsir edəcək. Qısa zamanda, biz bəzi qaranlıq məqamlara aydınlıq gətiriləcəyinin şahidi olacağıq. Rusiyanın mövqeyi dəyişməyib, Azərbaycanla ikitərəfli əlaqələri davam etdirməkdə maraqlıdır, dövlətimizin ərazi bütövlüyünə hörmətlə yanaşır. Rusiya Ermənistanın bu məsələdə düzgün mövqe tutmasına təsir göstərəcək. Ermənistan və Azərbaycan arasında sərhədlərin tanınması prosesi sürətlənə bilər və yəqin ki, yaxın vaxtda sülh müqaviləsinin də imzalanması gündəmdə olacaq. Çünki istənilən münaqişə bitdikdən sonra sülh müqaviləsinin bağlanması labüddür. Ermənistan da gec-tez bunu anlayacaq, Rusiya da Ermənistanı kompromisə getməyə məcbur edəcək”.

Teqlər: