Regional nümayəndəliklər Ermənistanla həmsərhəd ərazilərdə yaradılmalıdır – Rəy

Xəbər - Elçin Mehdiyev – Trend:

Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpası tamamilə yeni konsept tələb edən bir prosesdir. Bu prosesə ənənəvi üsullarla yanaşılması, dövlətimizin bölgə ilə bağlı uzaq strateji hədəflərinə zərbə vura, yaxud arzuolunan nəticələrə gətirib çıxarmaya bilər. Məhz bu baxımdan da Prezident İlham Əliyev işğaldan azad edilmiş ərazilərimizə, onlar tam bərpa edilənə və məskunlaşdırma prosesi başa çatanadək xüsusi yanaşma tələb edən ərazilər kimi yanaşır və həmin inzibati ərazi subyektlərinə xüsusi nümayəndələr təyin edir.

Bunu AzerTimes-a siyasi şərhçi Elçin Mirzəbəyli deyib.

O qeyd edib ki, torpaqlarımız işğaldan azad edilənədək, bütün inzibati ərazi subyektlərinin müvafiq icra orqanları faəliyyət göstərib:

“Lakin bu orqanlar ölkənin müxtəlif ərazilərinə səpələnmiş məcburi köçkünlərlə bağlı, əsasən əlaqələndirmə işini və sosial proqramlar həyata keçiriblər. Digər tərəfdən, işğaldan azad edilmiş ərazilərimiz tamamilə dağıdıldığı üçün, burada hər hansı bir qurumun fəaliyyət göstərmək imkanı yoxdur və buna ehtiyac da duyulmur. Həmin insanların yaşamadığı ərazi subyektlərində hansı fəaliyyəti həyata keçirəcəklər? İnsan yoxdursa, ona yönəlik fəaliyyət də ola bilməz. Bu səbəbdən, dövlətimizin başçısı prosesin məntiqi ardıcıllıq və konkret plan əsasında həyata keçirilməsini məqbul hesab edir və bu, təbii ki, ən doğru yanaşmadır.

Öncə həmin ərazilər minalardan təmizlənməli, oradakı partlamamış sursatlar zərərsizləşdirilməlidir ki, bərpa prosesi təhlükəsiz bir şəkildə həyata keçirilsin. Daha sonra həmin ərazilərdə infrastruktur layihələri icra edilməli, yollar çəkilməlidir. Daha sonra sosial obyektlər – məktəblər, bağçalar, xəstəxanalar inşa edilməli, dövlət qurumlarının fəaliyyəti üçün imkan yaradılmalıdır. Bundan sonrakı proses isə evlərin tikilməsi və yaşayış üçün imkan yaradılmasıdır. Öncədən müəyyənləşdirilməlidir ki, bu ərazilərin təbii ehtiyatları, iqlim şəraiti və digər amillər nəzərə alınmaqla, burada hansı sənaye müəssisələri inşa edilə bilər. Kənd təsərrüfatının hansı istiqaməti bu və ya digər ərazi üçün daha qənaətbəxşdir – rəqabətə davamlılıq, gəlirlilik və ölkənin ixrac potensialının artırılması baxımından”.

E.Mirzəbəyli hesab edir ki, hər bir ərazi üzrə çoxsaylı və ciddi şəkildə təhlil edilmiş biznes planları hazırlanmalı və həyata keçirilməlidir:

“Bu ərazilərə qayıdan həmvətənlərimizin məşğulluğunun təmin edilməsi prioritet hədəf kimi götürülməlidir. Qənaətimə görə, Prezident İlham Əliyevin işğaldan azad edilmiş ərazilərimizin bərpası prosesinə konseptual və ardıcıl yanaşmasının təməlində də, qeyd etdiyim və etmədiyim məqamlar dayanır. Məlum olduğu kimi, azad edilmiş torpaqların bərpası ilə bağlı Əlaqələndirmə Qərargahına Prezident Administrasiyasının rəhbəri rəhbərlik edir, bütün təkliflər, təşəbbüslər qərərgaha göndərilir, orada təhlil edilir və müvafiq qərar verilir. Belə məsələlərdə kimlərinsə subyektiv, yaxud şəxsi, korporativ maraqlar müstəvisindən çıxış edərək, ictimai rəyə yanlış mesajlar verməsi, dövlət qulluqçusuna yaraşmayan bir tərz, davranış sərgiləməsi yolverilməzdir. Hansısa dövlət qurumunun rəhbəri işğaldan azad edilmiş ərazilərdə nümayəndəlik açmaq barədə bəyanatlar verirsə, rəhbərlik etdiyi qurumun dövlət hakimiyyəti orqanının bir istiqaməti olduğunu başa düşməli və belə məsələlərdə hökumətin vahid və əlaqələndirilmiş plan əsasında fəaliyyət göstərəcəyini anlamalıdır. Əgər anlamırsa, deməli yerində deyil.

Qənaətimə görə, Şuşada heç bir dövlət qurumunun regional nümayəndəliyi olmamalıdır. Regional nümayəndəliklər, əgər buna ehtiyac duyulacaqsa, subyektiv qənaətimə görə, Ermənistanla həmsərhəd ərazilərdə yaradılmalıdır. Azərbaycan torpaqlarının işğaldan azad edilməsi yeni bir dövrün, mərhələnin başlanğıcıdır. Bu bizə bir çox məsələləri tənzimləməyə imkan verir. Torpaqlarımızı azad etməklə tarixi ədaləti bərpa etdiyimiz kimi, azad edilmiş ərazilərimizdə də sözün bütün mənalarında daxili ədalət standartı yaratmalıyıq”.

Teqlər: