Rasim Quliyevin məhkəməsində MTK rəhbəri dindirilib

Xəbər - Samir Əli – AzerTimes:

Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) keçmiş Aparat rəhbəri Rasim Quliyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

AzerTimes-in məlumatına görə, hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə ifadə verən şahid, “FF” Mənzil Tikinti Kooperativin (MTK) təsisçisi Tamella İbrahimova bildirib ki, 2011-ci ildən şirkətin təsisçisidir: “11 ildir bütün sənədlərin arxasınca özüm gedirəm. Onkoloji xəstəyəm. Təqsirləndirilən şəxs Rasim Quliyevin ittiham olunduğu maddələrlə bağlı mən Korrupsiyaya Qarşı Mübarizə İdarəsində dindirilməmişəm. Mənə bu barədə məlumat verilməyib, üzləşmə olmayıb. İdarənin müstəntiqi Eldar Səfərovdan mənim Rasim Quliyevlə üzləşməyimi istəmişəm, amma şərait yaratmayıb, kobud qanun pozuntusuna yol verib. Mən BŞİH-də Rasim Quliyevi görməmişəm və o adamı tanımıram. Dövlət Şəhərsalma və Tikinti Arxitektura Komitəsinin indiki rəisi Anar Əliyev o vaxt müavin idi, o da mənə Rasim Quliyev haqqında heç nə deməmişdi.

2012-ci ildə mənə Bakı şəhər İcra Hakimiyyəti Dilarə Əliyeva küçəsində pul əvəzinə yer verdilər. 2013-cü ildə həmin yerdə bina tikməyim üçün Bakı şəhər İcra Hakimiyyəti başçısı sərəncam verdi. 2014-cü ildə sərəncam ləğv edilib, amma bu barədə bizə heç bir məlumat verilməyib. Sonradan dedilər ki, guya orada metro stansiyası tikiləcək və park olacaq. Mən bu barədə Bakı şəhər İcra Hakimiyyətinə şifahi müraciət etdim. Dedilər ki sənə yer verəcəyik.

2015-ci ilin yay ayları idi, mənə zəng gəldi, çağırdılar icra hakimiyyətinə. Mənə dedilər ki, sizə icazə verəcəklər, ev tikəcəksiniz. Həmin vaxt Bakı Şəhər İcra Hakimiyyəti sərəncam verib köhnə sərəncamı ləğv etdi və mənə tikinti nişanı verdilər. Dilarə Əliyeva 145 ünvanında evləri aldıq, sakinlərin kompensasiyasını verdik və layihə hazırladıq. Layihəni Akif Abdullayevə təqdim edəndə o dedi ki, bu layihə böyükdür. Daha sonra o bizə bir memar təklif etdi, həmin memar bizimlə işləməyə başladı. Layihəni qaydasına saldıq və işlərə başladıq.

Bir müddət sonra Bakı şəhər İcra Hakimiyyətinin Zülfəli adlı şöbə müdiri mənə dedi ki, Hacıbala müəllim həmin ərazidə ağırtonnajlı yük maşınlarının hərəkətini qadağan edib. Dedi ki, siz həmin əraziyə gələn yük maşınlarına ağır yük vurursunuz və bu da ərazidə asfalt örtüyünü dağıdır. O dedi ki, tikinti aparılacaq və ərazidə tikintiyə mən nəzarət edəcəm. 2015-ci ildən söküntüyə başladıq.

Həmin ərazidə tikinti aparılması ilə bağlı 9 min vərəqəlik sənəd var, hamısında da möhür var. Biz evi alırdıq, Bakı Şəhər İcra Hakimiyyəti sökürdü, sakinlərdən biri Bakı Şəhər İcra Hakimiyyətini məhkəməyə verdi, uddu. Zülfəli isə məni arxayın etdi və dedi ki, o özü həll edəcək məsələni”.

Şahid bildirib ki, Dilarə Əliyeva 145-də memarlıq üslubu yoxdu: “Əgər bu bina memarlıq binası idisə, iki il sənədləşmə gedən vaxtlarda mənə niyə bu barədə heç nə təqdim etmədilər? Mən Rasim Quliyevi birinci dəfədir ki, burada görürəm, bu adamı tanımıram. Rasim Quliyevin 2019-cu ildə bizim bina ilə bağlı verdiyi sərəncam nəyimə lazım idi axı? Mən 2015-ci ildə tikinti nişanı almışam, sərəncamım da verilib. Rasim Quliyevin sərəncamının nə əhəmiyyəti var idi? Ötən il mən əməliyyat olunanda Namiq Hümbətovla danışdım. Namiq Hümbətov bildirdi ki, məsələ həll olunacaq. Mənim layihəmdə Namiq yenidən dəyişikliklər etdi, ona da razılaşdım.

2020-ci il sentyabrın 27-də Vətən müharibəsi başladı, bir müddət işlər dayandı. Müharibə başa çatandan sonra da mənə dedilər ki, gözləyək. Bu il fevral ayında Şəhərsalma, Tikinti və Arxitektura Komitəsi sədrinin birinci müavini Namiq Hümbətov mənim yoldaşıma dedi ki, iş alınmır. Mən dedim ki, kimə lazımdır yenə pul verim, işim dayanmasın. Namiq çox yerlərə müraciət etdi, cavab gəlmədi. Sonra eşitdim ki Rasim Quliyevlə bağlı cinayət işi başlandı və o tutuldu. Mən Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə müraciət etdim ki, Rasim Quliyevi tanıyım. İmkan vermədilər. İdarədən dedilər ki, bu işdə 32 şirkət var, sənlik deyil. Sonra gördüm ki, ancaq mənim şirkətimin adını çəkirlər”.

Tamella İbrahimova bildirib ki, məsələ ilə bağlı Baş nazirin sabiq müavini Hacıbala Abutalıbovla da görüşüb: “O vaxt Hacıbala Abutalıbovun qəbulunda oldum, ondan soruşdum ki, Dedim Rasim Quliyev kimdi? Dedi ki nə olub? Bildirdim ki Anar Quliyev deyir ki, sənin sənədlərinə Rasim Quliyev qol çəkdiyinə görə, işin alınmayıb.
Hacıbala Abutalıbov dedi ki, ola bilməz. O məni arxayın elədi ki problem tezliklə həll olunacaq. Hacıbala Abutalıbov mənim yanımdan götürdü Ramiz Mehdiyevə Kəmaləddin Heydərova, Əbülfəz Qarayevə zəng elədi.

Hacıbala Abutalıbov Ramiz Mehdiyevə dedi ki, arxitektura deyir ki, Rasim Quliyevin imzasını tanımırıq. Ramiz Mehdiyev dedi ki, ola bilməz, biz onun imzaladığı sənədləri qəbul edirik. Daha sonra Baş prokuror Zakir Qaralov bizə məktub göndərdi ki, bina qanunsuz tikilir. Biz də işi saxladıq”.

MTK rəhbəri bildirib ki, binanın tikintisi ilə bağlı külli miqdarda vəsait xərcləyib: “2014-cü ildə mən ora 17 milyon manat xərcləmişəm. Bu barədə məndə kifayət qədər sübutlar var.
2021-ci ildə Namiq Hümbətov dedi ki, mən nə qədər vəzifədəyəm, “FF” şirkəti burada bina tikməyəcək. Mən ora milyonlarla pul qoymuşam. Dilarə Əliyeva 141 və 145-də söküntü işləri gedirdi. Namiq Hümbətov gəldi, başladı oraya nəzarət eləməyə. Mənə dedi ki, özüm nəzarət edəcəm. İndi Bakı Şəhər İcra Hakimiyyətindən mənə dedilər ki, sən o vaxt binanı tikməli idin. Adama deyirəm ki, mən 2013-cü ildə sərəncam almışam, 2014-cü ildə ləğv etmisiniz. Necə tikim?”.

Şahid qeyd edib ki, Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası Xidmətinin Sabiq rəisi Zakir Sultanov onu yanına çağırıb: “Nazirlikdən Vüqar adlı şəxs gəldi dedi ki, Zakir Sultanovla görüşməlisən. Dedilər ki, siz Dilarə Əliyeva 145 ünvanındakı binanın qanunsuz sökmüsünüz. Mən də dedim ki, oranı mən yox, Bakı Şəhər İcra Hakimiyyəti söküb. Zakir Sultanov mənə dedi ki, nəsə elə. Mən də dedim heç nə edəsi deyiləm. Mən sərəncamı almışam. Mən onda Dilarə Əliyeva 145-i almışdım. Bütün sakinləri razı salmışdım. Zakir Sultanov mənə dedi ki, hara istəyirsən get, axırda mənim yanıma gələcəksən. Zakir Sultanova dedim ki, gec-tez sənin yerin DTX olacaq”.

Mən yenidən Hacıbala Abutalıbovla görüşdüm, o mənim yanımda Əbülfəz Qarayevə zəng elədi dedi ki, Heydər Əliyev Sarayından “Azdrama”ya qədər hamısı söküləcək. Hacıbala Abutalıbov Əbülfəz Qarayevə zəng eləyəndə dedi ki, Zakir işə mane olur. Əbülfəz Qarayev dedi ki, mən Zakirə deyərəm”.

Proses oktyabrın 11-də davam edəcək.

Qeyd edək ki, Baş prokurorluğun məlumatına görə, paytaxtın Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi 141 ünvanında yerləşən yaşayış binalarının, habelə yerli əhəmiyyətli mədəniyyət abidəsi kimi dövlət tərəfindən mühafizə olunan yaşayış evinin sökülməsi və yeni yaşayış binalarının tikintisinə dair “FF-2011” Mənzil Tikinti Kooperativinə qanunsuz icazə verilməsi faktı ilə bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanmaqla istintaqı aparılır.

Aparılmış istintaqla Bakı şəhər İcra Hakimiyyəti başçısının müavini vəzifəsi üzrə səlahiyyətlərinin icrası həvalə edilmiş BŞİH başçısının Aparat rəhbəri vəzifəsində işləmiş Quliyev Rasim Vaqif oğlunun təşkilati-sərəncamverici funksiyaları yerinə yetirən vəzifəli şəxs kimi qanunsuz üstünlük əldə etmək məqsədilə BŞİH başçısının Nəsimi rayonu ərazisində ofis və yaşayış binalarının tikilməsinə dair 31 may 2018-ci il tarixli 346 nömrəli sərəncamını şəxsən imzalamasına, bununla da sözügedən MTK-nın həmin ərazidə 1893-cü ildə inşa edilmiş yerli əhəmiyyətli tarix və mədəniyyət abidəsi kimi dövlət tərəfindən mühafizə olunan yaşayış evinin olmasını nəzərə almadan ayrı-ayrı fiziki şəxslərə məxsus olan mənzillərin, yaşayış və qeyri-yaşayış sahələrinin qanunsuz olaraq söküntüsünə başlamasına, habelə tikinti və söküntü işlərinin aparılmasının digər əsas şərtlərinin pozulmasına səbəb olmasına əsaslı şübhələr müəyyən olunub.

Qeyd edilənlər nəzərə alınmaqla, Rasim Quliyevə Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 314-2.3-cü (qanunla müəyyən olunmuş qaydaları pozmaqla tikinti və ya quraşdırma işlərinin aparılmasına icazə vermə ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham elan edilmiş və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib

Teqlər: