Qlobal səviyyədə artan tələb qida məhsullarının bahalaşmasına səbəb olur – Deputat

Xəbər - Elçin Mehdiyev – Trend:

Dünyada ərzaq təhlükəsizliyi məsələsi günü-gündən qloballaşmaqdadır. Bir çox ölkələr var ki, aclıq həddindədir. O cümlədən, ərzaqın tərkibində əsas yer tutan buğdaya olan təlabat da kəskin artmaqdadır. Qlobal səviyyədə artan tələb qida məhsullarının qiymətində bahalaşmaya səbəb olur.

Bunu AzerTimes-a Milli Məclisin deputatı Azər Badamov deyib.

Deputat, bu artıma əsasən iki amilin təsir göstərdiyini düşünür: “Birinci amil olaraq dünyada əhali sayının kəskin artması buğdaya təlabatını artırır. İkincisi isə təlabat artdığı təqdirdə son illər baş verən iqlim dəyişiklikləri də buğdanın istehsalında azalmalara gətirir. Əsas taxıl ixracatçı ölkələrdə istehsalın azalması dünya bazarı qiymətlərinə də təsirsiz ötüşmür.

Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının hesabatında dünya bazarlarında taxılın qiyməti avqust ayına nisbətən 3,4%, 2020- ci ilin müvafiq dövrü ilə müqayisədə isə 31,1% artıb. Buğdanın iri ixracatçısı olduğu bir neçə ölkədə istehsal azaldığından satış qiymətlərində 8,8%, o cümlədən keçən ilin müvafiq dövrü ilə müqayisədə 43.5% artırıb.

Əsas taxıl ixracatçısı olan Rusiya buğda ixracına kvota tətbiq edib. Rusiya buğda, arpa, çovdar və qarğıdalı üzrə ixracı kvotasını 17,5 milyon ton müəyyənləşdirib. Kvotadan artıq isə hər tonun ixracına 50% gömrük rüsumu tətbiq ediləcək. Təbii ki, buğdanın dünya bazarındakı qiymətlərindəki kəskin artımlar idxalçı ölkələrdə un məmulatlarının qiymətlərinin artmasına təsirsiz ötüşmür”.

A.Badamov qeyd edib ki, dünyada digər ərzaq məhsullarının da qiyməti artmaqdadır: “Misal üçün, qlobal bazarlarda süd məhsullarının qiymətləri iyul ayı ilə müqayisədə 13.6 faiz azalsa da, 2020-ci ilin avqust ayının müvafiq göstəricilərindən yuxarıdır. O cümlədən, tərəvəz yağlarının qiymətləri qlobal bazarlarda iyul ayı ilə müqayisədə 6,7 faiz artıb. Dünya bazarında ət məhsullarının qiymətləri isə 2020-ci ilin iyul ayı ilə müqayisədə 22 faiz artıb”.

Deputat əlavə edib ki, dünya bazarlarında xam neftin qiymətləri ilin əvvəli ilə müqayisədə 50 faizə yaxın artıb ki, bunun da nəticəsində benzinin qiyməti dünya bazarlarında ilin əvvəli ilə müqayisədə 53 faizə yaxın artıb.

A.Badamov vurğulayıb ki, qiymətlərin dünya bazarlarında artması idxalçı ölkələri qarşısında yeni çağırışlar qoyur: “Bu çağırışlardan biri idxalçı ölkələrdə kənd təsərrüfatı məhsullarının istehsalında mövcud imkanlardan istifadə etməklə qeyd olunan məhsulların istehsalına daha çox diqqət yetirməkdən ibarətdir. Çünki gələcəkdə idxalçı ölkələrdə idxal qiymətləri ilə bağlı daha böyük çətinliklər yarana bilər”.

Twitter: @ElchinMehdiyev

Teqlər: