Qarabağdakı alban abidəsinin erməni abidəsi kimi təqdim edilməsi ərazi bütövlüyümüzə hörmətsizlikdir – Tarixçi alim

Xəbər - İlhamə İsabalayeva – Trend:

Əgər hər hansı bir xarici media orqanı Qarabağda albanlara məxsus olan bir abidəni erməni abidəsi kimi təqdim edirsə, bu, Azərbaycan Respublikasının ərazi bütövlüyünün tanınmaması anlamına gəlir. Məlumdur ki, 1828-ci il, ermənilərin kütləvi köçürülməsinə qədər buradakı abidələr alban məbədləri idi. Bu addım eyni zamanda Azərbaycan tarixinə hörmətsizlikdir.

Bunu AzerTimes-a AMEA, Elm Tarixi İnstitutu, Elm tarixinin nəzəri və metodoloji şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Bayram Quliyev deyib.

Onun sözlərinə görə, xarici mətbuatda Cəbrayılda guya erməni kilsəsinin yox edilməsi ilə bağlı əsassız məlumatların yayılması Azərbaycana qarşı ikiüzlü, qeyri-obyektiv davranışların hələ də mövcud olduğunu bir daha sübut edir:

“Burada əvvəlcə bir neçə məqama diqqət yetirmək lazımdır. Birincisi, 1828-ci il ermənilərin Qarabağa kütləvi şəkildə köçürüldüyü zamanda belə Cəbrayıl rayonu ərazisində erməni yaşamayıb. İkincisi, özünü şüursuzluğa vuraraq Cəbrayılda kilsə axtaran avropa mətbuatı Cəbrayıl şəhərinin tamamən yox edildiyinin fərqinə varmır və ya fərqinə varmaq istəmir. Bu fakt yalnız Cəbrayıl şəhəri ilə bağlı deyil. Füzuli, Qubadlı, Zəngilan və Ağdam şəhərləri demək olar ki, yer üzündən silinib. Bu faktı görmək üçün Qarabağa səfər etməyə ehtiyac yoxdur, bunu hazırda “google maps” tətbiqi ilə də müşahidə etmək mümkündür”.

B.Quliyev əlavə edib ki, bu məsələnin ortaya atılması ilə Vətən Müharibəsinə dini don geyindirib müharibə ilə bağlı anti-xristian imici yaratmaq istəyirlər.

Tarixçi bildirib ki, Cəbrayıl ərazisində tarixi alban kilsəsinin varlığından söz gedə bilməz, lakin işğaldan sonra ermənilər burda kilsə tikmiş ola bilərlər.

Onun fikrincə, işğal edilmiş ərazilərdə dini ibadətgahın tikilməsi faktının özü buranın tarixi əhalisinin soykökünün dəyişdirilməsinə cəhd kimi qiymətləndirilməlidir. Eyni zamanda, bu addım Qarabağın milli-mədəni və dini xüsusiyyətlərinə təcavüzdür:

“İşğaldan sonra tikilmiş olan hər hansı bir tikili tarixini abidə kimi göstərmək naşılıq, qeyri-peşəkarlıq, saxtakarlıq və ikili münasibətlərin təcəssümüdür. Bu addımı dəstəkləyən media qurumu da ermənilərin mədəni təcavüzündə birbaşa iştirak etmiş olur. Belə durumda həmin media vasitələrinin Azərbaycanda fəaliyyətinin məhdudlaşdırılması haqqında düşünülməlidir”.

Xarici mətbuatın bu kimi məsələrəə də diqqət göstərməsini vacib sayan B.Quliyev deyib ki, Qarabağın digər rayonlarında dağıdılmış və ya içərisində donuz və digər heyvan saxlanılmış məscidlər olub. Cəbrayılın özündə mövcud olan beş məsciddən sadəcə biri – Çələbilər məscidi qismən salamat qalıb, digər dörd məscidin isə sadəcə qalıqları qalmaqdadır. Bu faktın özü artıq hansı xalqın din düşməni olaraq, dini-mədəni abidələrə qənim kəsildiyini göstərir:

“Cəbrayılda doğulmuş və oranın adət-ənənələrini bilən bir tarixçi kimi cəbrayıllıların inanc sistemi haqqında da bir neçə söz etməklə bəhs olunan şər və qarayaxmanın absurd olduğunu bir daha təsdiq etmək istərdim. Cəbrayıl əhalisi tamamilə islam dininə sitayiş edir, lakin paralel olaraq öz əski inanclarını da qoruyub saxlayırlar. Məsələn, dağdağan ağacının müqəddəsliyinə inanan əhali ona parça bağlayaraq dilək tutur ki, bu əski bir türk inancı olan tanrıçılığın əlamətidir. Bundan başqa, Cəbrayıl rayonunda ocaq və pirlərin sayı iyirmidən çoxdur. İşğal öncəsi qadınlar bu ocaqlarda çıraq yandırardılar. Bu isə Alban dövləti zamanından qalma xristianlıq elementidir. Ermənilərdən fərqli olaraq, Cəbrayıl əhalisi özündə öz keçmişini yaşadır və büruzə verir. Əhalinin hamısı islamı qəbul etdiyinə görə onlar bu inanclarını pirləri ziyarət edərək qoruyub saxlayıblar. Bu da bir daha sübut edir ki, Cəbrayılda heç bir tarixi alban kilsəsi ola bilməz. Buraya köçürülməyən ermənilərin kilsəsi isə əsla ola bilməz!!!”

Teqlər: