Qarabağda “ağıllı tədris”, “ağıllı səhiyyə” və “ağıllı kənd təsərrüfatı” sistemlərini həyata keçirəcəyik – Baş menecer

Azərbaycan Prezidenti İlham Əliyev aprelin 26-da Zəngilan rayonunun Ağalı kəndinə səfəri zamanı xarici şirkət nümayəndələri ilə videoformatda söhbət edib.

AzerTimes-ın məlumatına görə, “Huayvey-Azərbaycan” şirkətinin baş meneceri bildirib:

“Əvvəlcə, mən böyük zəfər münasibətilə, cənab Prezident, Sizə təbriklərimi və dərin ehtiramımı çatdırmaq istəyirəm. Dünya üzrə aparıcı İKT texnologiyaları şirkəti olaraq biz bütün ən son qabaqcıl texnologiyalarımızı Qarabağda təqdim etməyə və gələcəkdə “Ağıllı kənd”lərin inkişafında iştirak etməyə hazırıq. Aparıcı “Ağıllı şəhər” və “Ağıllı kənd” texnologiyalarının təchizatçısı kimi şirkətimizin bu sahədə böyük təcrübəsi var və bizim 100-dən çox qlobal layihəmiz mövcuddur. Qarabağda “Ağıllı kənd” üzrə qabaqcıl texnologiyaları təmin etmək üçün biz ən son məhsul və texnologiyaları təchiz edəcəyik. Biz Azərbaycanda ilk dəfə “Qiqabit AirPON” texnologiyasını istifadə edəcəyik. “AirPON” cihazı hazırda cənab Prezidentin qarşısındadır. Bu texnologiya fiber-optik xətlərin çəkilişini 10 kilometrdən 1 kilometrə qədər qısalda bilər. Beləliklə, biz şəbəkənin qurulmasını sürətləndirə və xərclərə qənaət edə bilərik. Biz “Ağıllı kənd” layihəsinin birinci mərhələsində Qarabağda təhlükəsiz yaşayış mühiti yaradaraq, “ağıllı tədris”, “ağıllı səhiyyə” və “ağıllı kənd təsərrüfatı” sistemlərini həyata keçirəcəyik. Bu, tərəfimdən hazırlanmış qısa hesabat idi. Çox sağ olun, cənab Prezident”.

Teqlər: