Qafqaz üçün TƏHLÜKƏSİZLİK KONSEPSİYASI: “Azərbaycan Türkiyə ordusunu dəvət etməklə…” – Politoloq

“Azərbaycanın işğal altındakı ərazilərini hərbi yolla geri alması digər MDB ölkələri üçün ciddi presedent yaratmaqdadır”.

Bu sözləri gələn ilin yanvar ayından etibarən, azad edilmiş Ağdam şəhərində Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinin fəaliyyətə başlamasını dəyərləndirən politoloq Züriyə Qarayeva Yenicag.az-a açıqlamasında deyib.

Politoloqun sözlərinə görə, Monitorinq Mərkəzi ermənilərin yerləşdiyi yaşayış məntəqələrinə, Azərbaycan ordusunun mövqelərinə, nəqliyyat vasitələrinin hərəkətinə nəzarəti həyata keçirəcək:

“Türkiyə və Rusiya Müdafiə nazirliklərinin imzaladıqları memoranduma əsasən, nəzarət qarşılıqlı məlumat mübadiləsi və anlaşma şəraitində aparılacaq. Bəyannamənin şərtlərinin pozulduğu hallarda isə birgə tədbirlər görüləcək. Azərbaycanı qane etməyən hallar olduqda isə sülhməramlılara xəbərdarlıq etməklə, adekvat tədbirlər görüləcək.

Əslində, sülhməramlıların missiyası üçtərəfli bəyanatla çərçivəlidir. Bu baxımdan, istər münaqişə tərəflərindən biri, istərsə də sülhməramlılar bəyanatın müddəalarını pozarsa, digər tərəflər də bəyannamənin bəndlərinə sadiq qalmayacaq”.

Züriyə Qarayeva bildirib ki, Azərbaycan bütün hallarda Qarabağda silahlı elementlərə qarşı antiterror əməliyyatı aparmaq hüququnu özündə saxlayır:

“Son günlərdə Rusiya sülhməramlılarının ikibaşlı, ermənipərəst, anti-Azərbaycan mövqe nümayiş etdirməsinin şahidi oluruq. Moskvanın gizli olaraq Qarabağ ermənilərinə Rusiya pasportu verməyə hazırlaşması, erməniləri hər sahədə yaşam şərtləri ilə təmin etməsi, gizlənən silahlı ermənilərə bilərəkdən göz yumması barədə artıq yetərincə məlumatlar var.

Ermənilərin ənənəvi məkrli hərəkətləri, Paşinyanın Ermənistan televiziyasına son müsahibəsində “Mehridən Azərbaycana dəhliz verilirsə, onda Ermənistana da Naxçıvandan dəhliz verilməlidir. Dağlıq Qarabağa azərbaycanlı qaçqınlar qaytarılırsa, Naxçıvana da ermənilər qaytarılmalıdır” bəyanatı sadəcə, məğlub ölkənin son çırpınışlarıdır.

Putinin isə bundan sonra Ermənistan üçün əlindən gələn yardımları edəcəyi ilə bağlı fikirləri Rusiyanın Ukraynada, Moldovada və Gürcüstanda müşahidə olunan antiseparatizm meyillərindən narahat olması ilə bağlıdır. Çünki Azərbaycanın işğal altındakı ərazilərini 27 ildən sonra hərbi yolla geri alması digər MDB ölkələri üçün ciddi presedent yaratmaqdadır.

Bu ölkələr Azərbaycan ordusunun xalqdan aldığı dəstəyin, vətənpərvər milli birliyin zəfər gətirdiyinin şahidi oldular. Hadisələrin hansı məcrada inkişaf edəcəyini proqnozlaşdırmaq çətin olsa da, Azərbaycana gələcək qardaş Türkiyə hərbi kontingentinin üçtərəfli bəyanatda əsksini tapmayan hallara və ermənilərin hiyləgər manevrlərinə qarşı haqlı mübarizədə Azərbaycanın yanında olacağı şübhəsizdir. Eyni zamanda, Azərbaycan müstəqil dövlət olaraq, Türkiyəni buraya dəvət etməklə, ümumi Qafqaz təhlükəsizlik konsepsiyasını qurmuş olacaq. Bir sözlə, mövcud reallıqlar uyğun şərtləri diqtə edəcək”.

Gülşən Şərif

www.yenicag.az