Prezident İlham Əliyevin Ağdam şəhərinə növbəti səfəri böyük tarixi və siyasi əhəmiyyətə malikdir – Tamam Cəfərova

Prezident İlham Əliyevin may ayının 28-də işğaldan azad olunmuş Ağdam şəhərinə növbəti səfəri böyük tarixi və siyasi əhəmiyyətə malikdir. Ölkə başçısının səfərinin məhz 28 May-Respublika Günündə baş tutması heç də təsadüfi deyil. Prezident cənab İlham Əliyevin dediyi kimi, “bu mərasim üçün, bu görüş üçün başqa vaxt da müəyyən oluna bilərdi. Ancaq mən hesab etdim ki, ən düzgün tarix bizim milli bayramımız olan Respublika Günüdür, müstəqillik günüdür. Çünki bu gün burada olmağımız bir daha müstəqilliyimizin nə qədər güclü olmasını göstərir. Əgər biz güclü müstəqil dövlət qurmasaydıq, öz tarixi torpaqlarımızı işğalçılardan azad edə bilməzdik. Ancaq güclü Azərbaycan, müstəqil Azərbaycan, sözün əsl mənasında, müstəqil siyasət aparan Azərbaycan bu tarixi missiyanı şərəflə yerinə yetirdi. Ağdam şəhərinin bərpasının başlanğıcı bu gün baş verir, Respublika Günündə”.

Bu fikirləri AzerTimes-a açıqlamasında Milli Məclisin üzvü Tamam Cəfərova deyib.

Deputat bildirib ki, ölkə başçısı Ağdama səfəri çərçivəsində ictimaiyyət nümayəndələri qarşısında çıxışı zamanı bir çox mühüm məqamlara toxunub. Beləki, cənab Prezident erməni işğalından azad olunmuş ərazilərdə həyata keçirilən bərpa-quruculuq işləri, Azərbaycana qarşı 30 il davam edən ikili standartlar siyasəti, böyük qələbəmiz sayəsində bütün dünyanın ölkəmizin gücünü görməsi, müzəffər ordumuzun qazandığı qələbənin tarixi əhəmiyyəti kimi bir sıra önəmli məsələlərə diqqət çəkib.

Azərbaycanın münaqişənin həllində sülh və diplomatik üsullara sadiq qaldığını vurğulayan cənab Prezident qeyd edib ki, Azərbaycan ona qarşı 30 il ərzində tətbiq olunan ikili standartlar siyasəti ilə qarşılaşırdı. Azərbaycan münaqişənin sülh və diplomatik üsullarla həll olunması üçün bütün lazımi addımları atmışdır. Azərbaycan çalışırdı ki, münaqişəni sülh yolu ilə həll etsin. Cənab Prezident xüsusi olaraq vurğulayıb ki, ölkəmizin vətəndaşları sülh danışıqlarının, sadəcə olaraq, status-kvonun əbədi olmasına istiqamətləndirildiyini yaxşı bilirlər – “Əfsuslar olsun ki, bu məsələ ilə məşğul olan vasitəçilər 30 ilə yaxın davam edən danışıqlar müddətində aqressora – işğalçıya təzyiq göstərmədilər, onları məcbur etmədilər, onlara sanksiyalar tətbiq etmədilər. Açıq-aydın demədilər ki, işğalçı qüvvələr Azərbaycan torpağından çıxmalıdır. Rəsmi İrəvan 30 ilə yaxın bir müddət ərzində yalnız təxribatlarla məşğul olub. Ermənistan rəhbərliyi açıq-aydın bildirirdi ki, bu torpaqların bizə qaytarılması mümkün deyil. Belə olan halda, faktiki olaraq danışıqlar prosesinə son qoyuldu. Bütün danışıqlar dövrü – 2003-cü ildən son hadisələrə qədər Azərbaycan xalqı bütün proseslərin şahidi olub”.

Deputat qeyd edib ki, Azərbaycanın mövqeyi bir çox hallarda vasitəçilər tərəfindən birmənalı qarşılanmırdı. Bəzi ermənipərəst qüvvələr ölkəmizi günahlandırmağa çalışırdılar. Sanki biz aqressoruq, sanki biz işğalçıyıq. Bu barədə cənab Prezident belə deyib: “ona görə də biz hər zaman deyirdik ki, əgər məsələ danışıqlar yolu ilə həll olunmasa, müharibə qaçılmazdır. Xüsusilə keçən ilin iyul, avqust, sentyabr aylarında Ermənistan dövlətinin Azərbaycana qarşı hərbi təxribatları nəticəsində baş vermiş hadisələr artıq müharibəni qaçılmaz etmişdi.

Nəticədə, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu işğal altında olan torpaqlarımızı azad etdi və ölkəmizin ərazi bütövlüyü bərpa edildi. Bu gün dünyanın aparıcı ölkələrinin ali hərbi məktəblərində 44 günlük müharibə öyrənilir. 44 günlük müharibə Azərbaycanın şanlı tarixinin ən parlaq səhifələrindən birinə çevrilib. Bu tarix əbədi qalacaqdır, bu tarix dərindən öyrənilməlidir və öyrənilir. Dünya miqyasında Azərbaycanın göstərdiyi yeniliklər öyrənilir. “Əlbəttə ki, texniki imkanlarımız müharibənin nəticələrinə ciddi təsir etmişdir. Ancaq bayrağı sancan, bayrağı ucaldan, öz sinəsini qabağa verən, ölümə gedən Azərbaycan əsgər-zabiti idi. Biz bu müharibəni, bu Qələbəni bizim qəhrəman hərbçilərimizə borcluyuq, şəhidlərimizə borcluyuq. İstənilən texnikan ola bilər, istənilən maddi imkanın ola bilər, əgər Vətən sevgisi yoxdursa, əgər milli ruh yoxdursa, əgər Vətən uğrunda ölümə getməyə hazır deyilsənsə heç vaxt Qələbə qazanmazsan”. Bu sözlər Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə məxsusdur.

“İkinci Qarabağ müharibəsi bir daha Azərbaycan xalqının əzmini, iradəsini bütün dünyaya göstərdi və bu şanlı Qələbə tarixdə əbədi qalacaqdır. Azərbaycan xalqı müzəffər xalq kimi yaşayacaq, qürur hissi ilə yaşayacaq”, millət vəkili Tamam Cəfərova belə deyib.

Teqlər: