Prezident İlham Əliyev: Qətnamələrin tələblərinə Ermənistanın əməl edəcəyinə dair heç bir ümid yox idi

Təhlükəsizlik Şurasının qətnamələrinin tələblərinə Ermənistanın əməl edəcəyinə dair heç bir ümid yox idi.

AzerTimes-ın məlumatına görə, bunu Prezident İlham Əliyevin BMT-nin Asiya və Sakit okean üçün İqtisadi və Sosial Komissiyasının 77-ci sessiyasında videoformatda çıxışında deyib.

Dövlət başçısı bildirib:

“Ötən il Azərbaycan ərazisinin 20 faizinin 30 ilə yaxın Ermənistan tərəfindən işğalına son qoymuşdur. İşğal nəticəsində bir milyondan çox azərbaycanlı doğma torpaqlarından didərgin salınmışdır. Ermənistan 1992-ci ildə Xocalı soyqırımını törədərək, qadınlar və uşaqlar da daxil olmaqla 613 nəfər günahsız dinc sakini qətlə yetirmişdir. Xocalı soyqırımı 13 ölkə tərəfindən tanınmışdır.

1993-cü ildə BMT Təhlükəsizlik Şurası Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal edilmiş ərazilərindən tam, dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnamə qəbul etmişdir. Lakin həmin qətnamələr heç vaxt Ermənistan tərəfindən icra edilməmişdir. Mən ikili standartlara yol verilməməsi üçün tərəfdaş ölkələri BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icra mexanizmlərinin təklif edilməsi və hazırlanması səylərinə qoşulmağa dəvət edirəm. Biz Təhlükəsizlik Şurasının bəzi qətnamələrinin bir neçə gün ərzində icra edildiyinin şahidi olmuşuq. Azərbaycana gəldikdə isə həmin qətnamələr 27 il ərzində yerinə yetirilməmiş qaldı. Təhlükəsizlik Şurasının qətnamələrinin tələblərinə Ermənistanın əməl edəcəyinə dair heç bir ümid yox idi. Bütün bu illər ərzində Ermənistana qarşı heç bir təzyiq olmamış və sanksiyalar tətbiq edilməmişdir.

Əksinə, Ermənistanın hərbi-siyasi rəhbərliyi Azərbaycanı “yeni torpaqlar uğrunda yeni müharibə” ilə hədələyirdi. 2020-ci ilin iyul ayında Ermənistan dövlət sərhədində hərbi təxribat törətmişdir. Avqust ayında isə Ermənistanın diversiya qrupu təmas xəttini keçməyə cəhd etmişdir”.

Teqlər: