Prezident İlham Əliyev Müzəffər Ordunun Ali Baş Komandanı kimi Laçında: Biz erməni faşizmini məhv etmişik

Xəbər - Alpər Ziya – Trend:

Prezident İlham Əliyevin müzəffər Ali Baş Komandan kimi işğaldan azad olunan rayonlara səfərləri Azərbaycan xalqını qürurlandırır, onun qalib əhval-ruhiyyəsini daha da yüksəldir və fərəhləndirir. Dövlət başçısının hər bir səfəri isə ayrıca önəm daşıyır. Əvvəla, ermənilər tərəfindən dağıdılmış, talan edilmiş şəhər və kəndlər abadlaşır, bunun üçün yeni təməllər qoyulur, açılışlar həyata keçirilir. Bu səfərlər digər bir tərəfdən isə düşmənlərimizin gözünü çıxarır və onların məğlubiyyət yanğılarını daha da körükləyir.

Azərbaycan bayrağı Güləbirddə

Fevralın 14-də Prezident İlham Əliyevin birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva ilə birgə Füzuli, Zəngilan, Laçın və Cəbrayıl rayonlarına səfəri də bu nöqteyi-nəzərdən olduqca əhəmiyyətli idi. Dövlət başçısı ilk olaraq Füzulidə Horadiz-Ağbənd dəmir yolu xəttinin təməlini qoydu. Bu, sonuncu Moskva bəyanatında nəzərdə tutulan Qarabağın nəqliyyyat infrastrukturunun yenidən qurulması işlərinin artıq başladığını göstərdi.

Ardınca Prezident İlham Əliyev Laçın rayonunun Güləbird kəndinə gəldi. Bu gəlişin səbəbi isə qısa müddət ərzində inşa edilmiş su elektrik stansiyasının açılışı idi. Odur ki, dövlət başçısı Güləbird kəndində Azərbaycan bayrağını qaldırdı və sözügedən su elektrik stansiyasını işə saldı. Bu layihə azad edilmiş torpaqlarda birinci elektrik stansiyasıdır. Təbii ki, bölgədə digər belə stansiyalar da tikiləcək. Çünki azad edilmiş bütün torpaqlarda su, Günəş, külək enerjisindən istifadə üçün geniş imkanlar var.

Dövlət başçısı: Heç kim bizi bundan sonra bu torpaqlardan tərpədə bilməz

Dövlət başçısı məhz Güləbirddən bir sıra mesajlar verdi, Qalib Azərbaycan Ordusunun Müzəffər Ali Baş Komandanı kimi Laçına gəldiyini elan etdi: “Biz qaytarmışıq bu torpaqları, qayıtmışıq. Bax, durmuşam burada – Laçın rayonunda. Bu torpaqları düşməndən azad edən Müzəffər Ordunun Ali Baş Komandanı kimi Azərbaycan bayrağını qaldırmışam və bu bayrağın altında Azərbaycan xalqına doğma Laçın diyarından müraciət edirəm. Bizim Qələbəmiz tarixi Qələbədir. Biz tarixi ədaləti bərpa etdik. Biz öz haqlarımızı bərpa etdik, biz şəhidlərimizin qanını aldıq, biz düşməndən qisas aldıq və qayıtmışıq. İndi isə bərpa işləri gedir və gedəcək. Mən demişəm, biz bu bölgəni – Qarabağı cənnətə çevirəcəyik. Artıq bütün göstərişlər verilib. Bütün işlər görülür, planlı şəkildə görüləcək və biz bundan sonra bu torpaqlarda əbədi yaşayacağıq. Heç kim bizi bundan sonra bu torpaqlardan tərpədə bilməz. Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!”.

“Heç vaxt imkan verə bilmərik ki, erməni faşizmi bir daha başını qaldırsın” ifadəsi ilə Prezident İlham Əliyev Ermənistana növbti dəfə kəskin xəbərdarlıq etmiş oldu. Çünki bu gün də Ermənistanda revanşist qüvvələr baş qaldırmağa cəhd göstərir. Onlar Azərbaycanı növbəti təxribatlarla, növbəti müharibə ilə hədələməyə çalışırlar. Ona görə də dövlət başçısı bir daha onların diqqətinə çatdırdı ki, Azərbaycan hər şeyə diqqət yetirir, hər şeyə nəzarət edir və heç vaxt imkan verə bilməz ki, erməni faşizmi bir daha başını qaldırsın.

Müharibə zamanı ermənilərin 10 min fərarisi olub

“Biz erməni faşizmini məhv etmişik. Düşməni öz doğma torpaqlarımızdan qovmuşuq. Onları torpaqlarımızdan rədd etmişik. Ermənistan ordusunu demək olar ki, məhv etmişik. Ermənistan ordusu yoxdur, dağılıb. Həm texnika dağılıb, həm canlı qüvvə dağılıb. Özləri etiraf edirlər ki, müharibə zamanı onların 10 min fərarisi olubdur. Azərbaycan Ordusunda bir dənə də fərari olmayıbdır. Bu, xalqımızın, Ordumuzun yüksək mənəvi ruhunun təzahürüdür. Aparılan siyasətin təzahürüdür. Biz döyüş meydanında Qələbə qazandıq. Biz bu torpaqları vuruşaraq işğalçılardan azad etmişik. Ermənistanı məğlub edib məcbur etdik ki, noyabrın 10-da kapitulyasiya aktına imza atsın və Laçın, Kəlbəcər, Ağdam rayonlarını məcbur olub bizə qaytarsın. Çünki danışıqlar zamanı heç vaxt Laçın və Kəlbəcər rayonlarını bizə qaytarmaq istəmirdi. Danışıqlarda razılığa gəlməməsinin əsas səbəbi də məhz bunda idi. Əfsuslar olsun ki, Ermənistanın və onun bəzi xarici havadarlarının mövqeyi ondan ibarət idi ki, beş rayon Azərbaycana qaytarılsın, Azərbaycan bununla kifayətlənsin və Dağlıq Qarabağa nə vaxtsa müstəqillik verilsin, Kəlbəcər və Laçın rayonları Ermənistanın əbədi nəzarəti altında qalsın. Mən bu təklifi rədd etdim” – deyə, Prezident İlham Əliyev vurğuladı.

Zəngilanda birinci pilot “ağıllı kənd” layihəsi bərpaolunan enerji ilə təchiz ediləcək

Ali Baş Komandanın budəfəki Qarabağ səfərinin əsas istiqamətlərindən biri də bu torpaqlarda quruculuq və kənd təsərrüfatı işlərinin aparılması, bunun üçün yerindəcə konkret tapşırıq və tövsiyələrin verilməsi idi. Dövlət başçısı burada görüləcək bir sıra mühüm işlərin anonsunu da verdi. Bildirdi ki, düşmən təkcə Laçın rayonu ərazisində 5 su elektrik stansiyasını dağıdıb. Onların hamısı bərpa ediləcək. Kəlbəcər rayonunun ərazisində isə 12 su elektrik stansiyası yenidən qurulacaq. Beləliklə, yalnız Kəlbəcər və Laçın rayonlarında dağıdılmış və bərpa ediləcək stansiyaların generasiya gücü 120 meqavat olacaqdır. Bu, çox böyük generasiya gücüdür. Bu generasiya gücü ilə biz bu əraziləri bərpa edəcəyik, dayanıqlı enerji ilə təmin edəcəyik. Əgər biz nəzərdə tutduğumuz digər layihələrə də nəzər salsaq, görərik ki, bərpaolunan enerji növlərinin bu bölgədə çox böyük potensialı var. Onların arasında ən böyük potensiala “Xudafərin” və “Qız Qalası” su elektrik stansiyaları malik olacaqdır. Bu stansiyaların tikintisi ilə bağlı İran İslam Respublikası ilə razılığa gəlmişik. Yaxın gələcəkdə bu su elektrik stansiyaları tikiləcək və beləliklə, Azərbaycan tərəfinə bu stansiyaların fəaliyyətindən düşən generasiya gücü 120 meqavat olacaqdır. Yəni, biz bir neçə ildən sonra 120 meqavat “Xudafərin” və “Qız Qalası” stansiyalarından, 120 meqavat isə Kəlbəcər və Laçın rayonlarındakı su elektrik stansiyalarından alacağıq. Bu, 240 meqavat generasiya gücü deməkdir və bunun üstünlüyü odur ki, bu, su elektrik stansiyalarıdır və enerjinin maya dəyəri çox aşağıdır. Bununla paralel olaraq, artıq göstəriş vermişəm ki, bizim azad edilmiş bütün digər torpaqlarda bərpaolunan enerji növlərinin və yerlərin müəyyənləşdirilməsi prosesinə start verilsin. Belə bir göstəriş verildi və bu gün Zəngilan rayonunda birinci pilot “ağıllı kənd” layihəsi də məhz bərpaolunan enerji ilə təchiz ediləcəkdir.

Həmçinin, məlum oldu ki, bu günə qədər suvarılmayan 100 min hektar torpaq sahələrinə su verilməsi üçün artıq xüsusi tapşırıqlar verilib. Məhz bu tədbirlərdən sonra 6-7 rayonun kənd təsərrüfatı sahəsi daha sürətlə inkişaf edəcək, məhsuldarlıq artacaq, fermerlər, kəndlilər daha çox pul qazanacaqlar.

“Böyük Qayıdış”a çox az qaldı

Bu istiqamətdə Prezident İlham Əliyevin fikirlərinə diqqət edək: “Evləri də, təbiəti də bərpa edəcəyik. Eyni zamanda, göstəriş vermişdim ki, vaxt itirmədən payızlıq əkin də aparılsın. Biz qısa müddət ərzində bütün imkanlarımızı, texnikanı, işçi qüvvəsini səfərbər etmişik və 7 min hektarda əkin işləri aparılmışdır. O əkin sahələrinə də baxacağam. Builki mövsümdə təqribən 20-25 min hektarda əkin işləri aparılacaq. Yəni, biz vaxt itirmədən kənd təsərrüfatını dirçəldəcəyik. Əlbəttə ki, azad edilmiş torpaqların kənd təsərrüfatı potensialı çox böyükdür. İşğalçılar bizim torpağımızdan da istifadə edib qanunsuz gəlirlər əldə etmişdilər. İşğal dövründə ən azı 90 min hektarda taxıl əkilmişdi. Buna da son qoyuldu. Azad edilmiş torpaqlarda bitkiçilik, meyvəçilik, heyvandarlıq sürətlə inkişaf edəcək”.

Beləliklə, dövlət başçısının “Qarabbağı cənnətə çevirəcəyik” ifadəsi artıq real icra prosesindədir. Şübhə yoxdur ki, olduqca sürətlə aparılan və qısa müddətdə – 44 günə düşmənin diz çökməsi ilə nəticələnən Vətən müharibəsi kimi, Qarabağın bərpası da eyni sürətlə aparılacaq və ən qısa zamanda illərdir gözlədiyimiz “Böyük Qayıdış” baş tutacaq.

Teqlər: