Prezident İlham Əliyev İrəvanın Ermənistana verilməsi haqqında: Mən bunu qınamışam, biz tarixi malalamamalıyıq

1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin ilk qərarlarından biri də İrəvanı Ermənistana vermək, paytaxt düzəltmək idi. Mən bunu qınamışam.

AzerTimes-ın məlumatına görə, bunu Prezident İlham Əliyev aprelin 12-də Bakıda Hərbi Qənimətlər Parkı ilə tanışlıqdan sonra təltif olunan hərbi qulluqçularla görüşündə çıxışı zamanı deyib.

Dövlət başçısı bildirib:

“Demişəm ki, bu xəyanət idi, satqınlıq idi, bağışlanmazdır. Azərbaycan Xalq Cümhuriyyətinin Azərbaycan xalqı qarşısında böyük xidmətləri var. Ancaq biz tarixi malalamamalıyıq, bilməliyik tarixi. Bilməliyik, 1918-1920-ci illərdə ki, Azərbaycan Xalq Cümhuriyyəti fəaliyyət göstərirdi, müstəqilliyimiz yarımçıq idi. İrəvanı verdik Ermənistana. Halbuki buna o vaxt İrəvandan olan nümayəndələr etiraz edirdilər. Onların səsinə fikir verən olmamışdı. Azərbaycan Xalq Cümhuriyyəti tam hakimiyyəti təmin edə bilmirdi. İngilis generallar burada meydan sulayırdılar. Hətta bizim bayrağımızı təsdiq etmək üçün ingilis generalı gərək əmr verəydi. Hər şey necə olub, elə də deməliyik. Saxta tarix uydurmamalıyıq. Həm sovet dövründə, həm də müstəqilliyin ilk illərində bizim üçün o qədər saxta tarix uydurmuşlar. Biz elə saxta tarixin girovuna çevrilmişik. Hər şeyi bilməliyik – kimin tarixdə hansı rolu var və nəticə nədən ibarətdir”.

Teqlər: