Prezident İlham Əliyev: Hazırda bizim əsas məqsədimiz iqtisadiyyatımızın şaxələndirilməsini davam etdirməkdir

Hazırda bizim əsas məqsədimiz iqtisadiyyatımızın şaxələndirilməsini davam etdirməkdir.

Trend xəbər verir ki, bunu Prezident İlham Əliyev martın 11-də Avropa Yenidənqurma və İnkişaf Bankının yeni prezidenti xanım Odil Reno-Bassonu və bankın rəhbərliyinin digər nümayəndələrini videoformatda qəbul edərkən deyib.

Dövlət başçısı bildirib: “Mən, həmçinin Avropa Yenidənqurma və İnkişaf Bankının bizim enerji layihələrinə, xüsusilə Cənub Qaz Dəhlizinə, onun Avropa Yenidənqurma və İnkişaf Bankı tərəfindən 1 milyard avro məbləğində maliyyələşdirilmiş sonuncu hissəsi olan TAP-a verdiyi dəstəyə görə minnətdaram. Bildiyiniz kimi, ötən ilin son günündə biz TAP və Cənub Qaz Dəhlizinin açılışını qeyd etdik. Bu, həqiqətən də Avrasiyanın enerji xəritəsini dəyişən tarixi nailiyyət idi. Bildiyiniz kimi, hazırda bizim əsas məqsədimiz iqtisadiyyatımızın şaxələndirilməsini davam etdirməkdir. Düşünürəm ki, xüsusilə bu il və ötən il, pandemiyaya baxmayaraq, nəticələr çox ümidvericidir. Ümumi daxili məhsulda müəyyən azalmaya baxmayaraq, bizdə qeyri-enerji sənayesi istehsalında artım var. Bu iki ayda bizdə artım 12 faizdən çox olub. Beləliklə, bu, bizim sənayemizin şaxələndirilməsinin yaxşı göstəricisidir. Biz neft satışlarından topladığımız vəsaiti özəl sektoru, sənaye potensialımızı dəstəkləməyə yönəltməyə nail olduq və qeyri-enerji sənayesində 12 faiz artım həqiqətən də əlamətdar hadisədir”.

Teqlər: