Prezident İlham Əliyev: Bu günədək 1.4 milyon vaksin istifadə olunmuşdur ki, bu da əhalimizin 14 faizini təşkil edir

Yanvar ayından etibarən vaksinasiyaya başlamışıq. Bu günədək 1.4 milyon vaksin istifadə olunmuşdur ki, bu da əhalimizin 14 faizini təşkil edir.

AzerTimes-ın məlumatına görə, bunu Prezident İlham Əliyevin BMT-nin Asiya və Sakit okean üçün İqtisadi və Sosial Komissiyasının 77-ci sessiyasında videoformatda çıxışında deyib.

Dövlət başçısı bildirib:

“COVID-19 pandemiyası dünya ölkələrini yeni çağırışlarla üz-üzə qoymuşdur. Azərbaycan hökuməti ilk günlərdən pandemiya ilə mübarizə istiqamətində zəruri addımlar atmışdır. Koronavirusun iqtisadiyyata təsirinin azaldılması, özəl sektorun dəstəklənməsi, makroiqtisadi və maliyyə dayanıqlığının təmin olunması məqsədilə geniş sosial-iqtisadi paket təqdim edilmişdir.

Biz yanvar ayından etibarən vaksinasiyaya başlamışıq. Bu günədək 1.4 milyon vaksin istifadə olunmuşdur ki, bu da əhalimizin 14 faizini təşkil edir.

Lakin yalnız milli səviyyədə həyata keçirilən səylər dünyada pandemiyanın aradan qaldırılması üçün kifayət etmir.

Azərbaycan pandemiyaya qarşı qlobal fəaliyyətin səfərbər edilməsi səylərinin önündə gedir. Azərbaycan Qoşulmama Hərəkatının sədri qismində 2020-ci ilin may ayında Qoşulmama Hərəkatının koronavirusla mübarizəyə həsr edilmiş Zirvə toplantısının təşəbbüskarı olmuş və onu uğurla keçirmişdir. Bizim təşəbbüsümüzlə ötən ilin dekabr ayında BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində xüsusi sessiyası keçirilmişdir”.

Teqlər: