Peşə təhsili üzrə 300-ə qədər videodərsin çəkilişi həyata keçirilib

Xəbər - İlhamə İsabalayeva – Trend:

Peşə təhsili üzrə hazırlanan teledərslərin yayımlanmasından ötən bir il ərzində ümumilikdə 8 baza və 23 ixtisas üzrə 300-ə qədər video dərsin çəkilişi həyata keçirilib.

Peşə Təhsili üzrə Dövlət Agentliyindən AzerTimes-a verilən məlumata görə, ötən ilin 30 mart tarixindən etibarən peşə təhsili pilləsi üzrə təhsil alan tələbələr üçün koronavirus (COVID -19) pandemiyası dövründə tədrisin distant formatda aparılması ilə yanaşı, teledərs formatında yayımlanmasına da start verilib. Bir il ərzində həftədə iki dəfə telekanallarda yayımlanan dərslər bir sıra ixtisaslar üzrə təhsil alan tələbələrin nəzəri və praktiki biliklərinin dərinləşdirilməsinə və dərs mövzularına dair qısa izah və təlimatların verilməsinə istiqamətlənib. Peşə dərslərinin teledərs formatında yayımlanması bilavasitə tədrisin əhatəliliyinin artırılmasına dəstək verməkdədir.

Hazırda həftənin 2 günü “ARB Günəş” telekanalında yayımlanan peşə təhsili dərslərini ekran qarşısında izləyə bilməyənlər üçün Peşə Təhsili üzrə Dövlət Agentliyinin rəsmi “Youtube” kanalı və Azərbaycan Respublikası Təhsil Nazirliyinin videodərs portalından (https://video.edu.az/vocational-school) izləmək imkanı mövcuddur.


Qeyd edək ki, son bir il ərzində yayımlanan dərslərin bir qisminin hazırlanması prosesinə müvafiq olaraq Avropa İttifaqı, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti maliyyə və təşkilati dəstək göstərib.

Teqlər: