Pekin Xarici Dillər Universitetinin tələbələri AZƏRTAC-da işləmək arzusundadır

Yüzdən çox xarici dilin tədris olunduğu Pekin Xarici Dillər Universitetində (PXDU) Azərbaycan dili ixtisası üzrə təhsil alan tələbələr AZƏRTAC-da təcrübə keçəcəklər. Onlar gələcəkdə agentliyimizdə Çin dilinə tərcüməçi kimi işləməyi arzuladıqlarını da bildirirlər.

Razılaşmaya əsasən, PXDU-nun tələbələri təcrübə zamanı AZƏRTAC-ın Azərbaycan dilində yaydığı xəbərlərinin Çin dilinə tərcüməsində iştirak edəcəklər. Tələbələr bununla Azərbaycan dili üzrə biliklərini təkmilləşdirməklə yanaşı, ölkəmizin müasir inkişafı, xalqımızın zəngin mədəniyyəti barədə bilgilər əldə edəcəklər. Bu da onların hazırlıqlı Azərbaycanşünas kadrlar kimi yetişmələrinə kömək göstərəcək.

Bundan başqa, PXDU-nun Azərbaycan dili ixtisası üzrə təhsil alan tələbələri AZƏRTAC-ın Çin Xalq Respublikasındakı müxbir məntəqəsi ilə də yaxından əməkdaşlıq edəcəklər. Onların agentliyimizlə əməkdaşlığı sertifikatlaşdırılacaq.

Qeyd edək ki, Pekin Xarici Dillər Universitetində Azərbaycan dilinin tədrisinə və Azərbaycan dili ixtisası üzrə tələbə qəbuluna start verildikdən sonra AZƏRTAC bu ali təhsil ocağının fəaliyyətini diqqət mərkəzində saxlayır. Əsasən Çin Xarici İşlər Nazirliyi və ölkənin digər dövlət qurumları üçün kadrlar hazırlanması ilə məşğul olan PXDU-da 2017-ci ildən Azərbaycan dilinin ikinci dil kimi tədrisinə, 2018-2019-cu tədris ilindən etibarən isə Azərbaycan dili üzrə kadrlar hazırlığına başlanılıb.

Azərbaycan dili ixtisası üzrə tələbə qəbulu və Azərbaycan dili kafedrası dünyada ilk dəfə Pekin Xarici Dillər Universitetində təşkil olunub. Azərbaycan tərəfinin təşəbbüsü və dəstəyi ilə burada ötən illər ərzində dəfələrlə ölkəmizlə bağlı tədbirlər keçirilib, Azərbaycan həqiqətlərini, dilimizin və mədəniyyətimizin təbliğini elmi yolla reallaşdıran layihələr icra edilib.

Teqlər: