Paşinyanın növbəti riyakar siyasəti: İndi də Bəşər Əsədin təəssübkeşinə çevrilib

Xəbər - Elçin Mehdiyev – Trend:

Paşinyan o qədər rabitəsiz, sistemsiz və riyakar siyasətçidir ki, nə etdiyini, nə istədiyini özü də bilmir. Üstəlik, müstəqil olmadığı üçün qalıb ortalıqda. Bunu AzerTimes-a Milli Məclisin deputatı Elşən Musayev deyib.

Deputat bildirib ki, Paşinyan gah rusiyapərəst olur, gah qərbpərəst, gah da hamıpərəst:

“Üzdə isə saxta “demokratiya oyunu” oynamaqla kvartalda bir dəfə dəyişən sahiblərini, hamilərini hər fürsətdə aldatmağa çalışır. Fəqət, bunu da fərli-başlı bacarmır. Çünki hərəkətləri onun riyakarlığını açığa çıxarır və Paşinyanı ələ verir. Elə Suriyadakı son seçkilərdən sonra sərgilədiyi reaksiya da həmin qəbildəndir. Təsəvvür edin, bu uğursuz və fərsiz siyasətçi qəfildən Bəşər Əsədin təəssübkeşinə çevrilib. Hətta öz seçki təbliğatı yadından çıxıb, anidən olub Əsədin vəkili. Onun təbliğatını aparır, tamadalığını edir, dəstək olur, təbriklər göndərir, bəyənatlar verir. Bax bu qədər ikiüzlü və dəyişkən siyasətçidir, Paşinyan. Gah deyir qərbpərəstəm, gah da Qərblə düşmən münasibətdə olan Əsədi dəstəkləyir.

Paşinyan əslində həmişə belə riyakar olub. Sadəcə indi öz iç üzünü dünyaya daha aydın şəkildə göstərir. Təbii, fürsət düşsə Paşinyan digər hamilərinə, sahiblərinə qarşı da eyni riyakarlığı edəcək. Çünki ipinin üstünə odun yığılası adam deyil. Çünki o hər zaman satıb, satır və satacaq. Çünki Ermənistanın mahiyyəti nədirsə, onun liderinin də mahiyyəti odur.

Paşinyanın artistliyi artıq keçmir. O bitib. Əsas da Azərbaycanla müharibədən sonra bitib. Başına “dəmir yumruq” dəyəndən sonra bitib və indi həmin “dəmir yumruq”un ardınca Qərb də Paşinyanın qulağına bir şapalaq vursa nəticə əsl məntiq nümunəsi olacaq”.

Teqlər: