Paşinyanın istefası düşünülmüş bir addımdır – Politoloq

Xəbər - Ceyhun Ələkbərov – Trend:

Ermənistanda hazırda çox ciddi hakimiyyət böhranı yaşanır və idarəçilik arasında bütün təməl əlaqələr demək olar ki, sıradan çıxıb. Nəticədə həm Ermənistandakı hərbi rəhbərlik, həm də iqtidar komandası daxilində böyük çatlar var.

Bunu AzerTimes-a açıqlamasında politoloq Tural İsmayılov deyib. Onun sözlərinə görə, hazırda Ermənistan Müdafiə Nazirliyinin rəhbər şəxsləri ilə Silahlı Qüvvələrin Baş Qərargahı arasında rabitə demək olar ki, itib:

“Onik Qosparyanla bağlı son hadisələr göstərdi ki, Ermənistanda ordunun içərisində çox ciddi agentura şəbəkəsi fəaliyyət göstərir və Ermənistanda Soros fondu ilə Rusiya tərəfdarları arasında baş verən çəkişmənin arxa fonunda həm də hərbi qüvvələr və hüquq mühafizə orqanları arasında ciddi rabitə itkisi mövcuddur. Bundan əlavə, Paşinyan komandası daxilində də böyük problemlər var.

44 günlük Vətən müharibəsində biabırçı məğlubiyyət kapitulasiyasına imza atdıqdan sonra Paşinyanın ətrafında bir xeyli istefalar oldu. Bundan sonra da Ermənistan iqtidarında çatların yaşanacağı müşahidə edilir. Ermənistanda ayrı-ayrı siyasi müxalif qüvvələr fəallaşsalar da, iqtidarda təmsil olunan sözçülər və yüksək ranqlı siyasi elita nə Paşinyanı müdafiə edir, nə də iqtidarın atdığı addımlarla bağlı erməni cəmiyyətinə heç bir açıqlama vermir. Əslində, iqtidar komandası daxilindəki bu susqunluq Ermənistanda təkcə Paşinyan iqtidarına qarşı ayrı-ayrı müxalif kəsimlərin güclənməsinin göstəricisi deyil, həm də Ermənistanda hakimiyyətin içərisində çox ciddi agentura şəbəkəsinin və iqtidarın özünün devrilməsinə, parçlanmasına xidmət edən qüvvələrin olduğunun bariz nümunəsidir”.

T. İsmayılov bildirib ki, Nikol Paşinyan ölkədə olan bütün etirazlardan diqqəti yayındırmaq üçün, aprel ayında istefa verəcəyini söyləyib:

“Əslində, bu normaldır, ölkədə iyun ayının 20-də növbədənkənar parlament seçkiləri keçiriləcək və seçkilərə qədər Paşinyan baş nazir postundan istefa verməliydi. Belə ki, Ermənistan konstitusiyasında, eləcə də bir çox dövlətlərin hüququnda iqtidarda təmsil olunanlar seçkilərə qatılırsa, seçki təbliğatı müddətində öz vəzifələrini dondururlar və yaxud istefa verirlər. Bu baxımdan, Paşinyanın istefası da seçkilərə hazırlanmaq üçün düşünülmüş bir addım idi”.

Politoloq qeyd edib ki, Paşinyana hələlik ölkə daxilində dəstək var:

“Aparılan beynəlxalq rəy və sosioloji sorğular, eləcə də Yerevanda müxalifətçiləri və iqtidarı dəstəkləyənlərin aksiyaları arasında analoji fərqlər göstərir ki, bütün biabırçı məğlubiyyətlərə baxmayaraq, ölkədə mafioz xunta rejiminin və keçmiş Qarabağ klanında təmsil olunan Sarkisyan, Koçaryan və onların əl altılarının yenidən hakimiyyətə gəlməsini erməni cəmiyyəti istəmir. Paşinyan bu dəstəyi hiss etdiyi üçün və özünə rəqib olmadığını gördüyü üçün növbədənkənar parlament seçkiləri qərarı verdi”.

T. İsmayılov əlavə edib ki, Yerevanda keçirilən mitinqlər isə hələ uzun müddət davam edəcək.

Teqlər: