Pandemiya dövründə Azərbaycanda cinayətkarlıq hansı səviyyədə olub? – MÜQAYİSƏ

Xəbər - Samir Əli – Trend:

Ötən il ölkədə baş verən cinayət hadisələri əvvəlki illərlə müqayisədə xeyli azalıb.

AzerTimes-ın məlumatına görə, 2020-ci ildə ümumilikdə 26.004 cinayət qeydə alınıb ki, bu cinayətlərin 86,7 faizini böyük ictimai təhlükə törətməyən və az ağır növlər təşkil edib. Ölkəmizdə cinayətkarlığa qarşı mübarizə, asayişin və təhlükəsizliyin qorunması sahəsində fəaliyyət digər hüquq mühafizə orqanları ilə qarşılıqlı əlaqədə davam etdirilib, əhalinin hər 100 min nəfərinə düşən cinayətlərin sayı 8 fakt azalaraq 257 olub.

2019-cu illə müqayisədə ötən il qəsdən sağlamlığa az ağır zərərvurma, mülkiyyət əleyhinə olan cinayətlər, o cümlədən oğurluq, soyğunçuluq, quldurluq, dələduzluq, avtonəqliyyat vasitələrinin qaçırılması kimi cinayətlər azalıb. Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri və istintaq hərəkətləri ilə cinayətlərin 85,5 faizinin, eləcə də, prokurorluq orqanları ilə birgə keçmiş illərdən bağlı qalmış 310 cinayətin açılması təmin edilib. Belə ki, 2019-cu ildə əməliyyat-axtarış və istintaq fəaliyyətini həyata keçirən bütün dövlət orqanları üzrə 26.672 cinayət qeydə alınıb. Onların 92 faizi daxili işlər və prokurorluq orqanlarının səlahiyyətləri çərçivəsində istintaqı və təhqiqatı aparılan hüquqazidd əməllər olub. Bu cinayətlərin 89 faizini böyük ictimai təhlükə törətməyən və az ağır növlər təşkil edib.

2018-ci illə müqayisədə isə 2019-cu ildə qəsdən adam öldürmələr 5,4, adam öldürməyə cəhdlər 23,4, mülkiyyət əleyhinə olan cinayətlər 12, o cümlədən soyğunçuluqlar 3,9, quldurluqlar 2, dələduzluqlar 24,3, hədə-qorxu ilə tələb etmələr 25, avtonəqliyyat vasitəsinin qaçırılması faktları 15,5, habelə xuliqanlıqlar 13,4, ictimai yerlərdə baş verən cinayətlər 26, yetkinlik yaşına çatmayanların cinayətləri 30,1, əvvəllər məhkum olunmuş şəxslər tərəfindən törədilən cinayətlər 1,3 faiz azalıb.

Eyni zamanda, ağır və xüsusilə ağır cinayətlərin 87, şəxsiyyət əleyhinə olanların 97, onlardan qəsdən adam öldürmələrin 95, adam öldürməyə cəhdlərin 98, qəsdən sağlamlığa ağır zərər vurmaların 94, xuliqanlıqların 93, mülkiyyət əleyhinə olan cinayətlərin 73,4 faizinin, onlardan oğurluqların 65,4, dələduzluqların 94, soyğunçuluqların 84, quldurluqların 86, hədə-qorxu ilə tələb etmələrin 91, avtonəqliyyat vasitəsini qaçırmaların 81 faizinin, eləcə də prokurorluq orqanları ilə birgə keçmiş illərdən bağlı qalmış 329 cinayətin açılması təmin edilib.

2020-ci ildə “102” Xidmətinə daxil olan məlumatlar üzrə görülmüş operativ cavab tədbirləri ilə 2.288 cinayətin “isti izlər”lə, eləcə də “Təhlükəsiz şəhər” sisteminin imkanları ilə 477 cinayətin üstü açılıb. Axtarışda olan 94 avtomobil saxlanılıb.


Ötən il həyata keçirilən operativ tədbirlər nəticəsində 254 kriminal qrup zərərsizləşdirilib, odlu silah saxlayan və daşıyan 161 şəxs cinayət məsuliyyətinə cəlb edilib. Qanunsuz dövriyyədən 1 ton 873 kiloqram narkotik vasitə çıxarılıb, yabanı halda yetişən 153 tondan çox narkotik xassəli bitki aşkarlanaraq məhv edilib.

2019-cu ildə isə “102” Xidmətinə daxil olan məlumatlar üzrə görülmüş operativ cavab tədbirləri ilə 2039 cinayət “isti izlərlə” açılıb, 7.556 hüquqazidd əməlin qarşısı alınıb. “Təhlükəsiz şəhər” sisteminin imkanları ilə 575 cinayət açılıb. Həmçinin, təqsirləndirilən şəxslərin məsuliyyətə cəlb edilməsi sahəsində görülmüş tədbirlərlə 3608 nəfər tutulub.

Mütəşəkkil cinayətkarlıqla mübarizə də məqsədyönlü şəkildə həyata keçirilib və hesabat ilində 818 cinayətkar qrup zərərsizləşdirilib. Qeyri-leqal dövriyyədən bütövlükdə 1 ton 231 kiloqram narkotik vasitə çıxarılıb. Qeyri-qanuni kultivasiya edilən 127 tona yaxın çətənə və xaş-xaş kolu aşkarlanaraq məhv edilib.

Respublikanın hüquq-mühafizə orqanları tərəfindən 31.539 cinayət işindən 81 faizinin istintaqı daxili işlər orqanları müstəntiqləri tərəfindən aparılıb və vətəndaşlara dəymiş 52 milyon manatdan çox maddi ziyanın 92,7 faizi məhz istintaq zamanı ödətdirilib.

Teqlər: