Özbəkistan Qarabağda bir məktəbin tikintisini təmənnasız edəcək – Asadjon Xocayev (VİDEO)

Xəbər - Orxan Nəbiyev – Trend:

Qarabağ münaqişəsi Azərbaycan xalqının torpaqlarına böyük bəlalar və dağıntılar gətirib, indi isə Azərbaycan öz inkişafının yeni mərhələsinə keçir.

Bunu AzerTimes-a Özbəkistan Prezident Administrasiyası nəzdində İnformasiya və Kütləvi Kommunikasiya Agentliyinin rəhbəri Asadjon Xocayev deyib.

Onun sözlərinə görə, azad edilmiş ərazilərdə infrastruktur tikintisi və bərpası iə bağlı çox iş görmək lazımdır:

“Burada məscid istisna olmaqla demək olar ki, hər şey dağıdılıb və dünya ictimaiyyəti buna diqqət yetirməlidir”.

O əlavə edib ki, bura qayıdan sakinlərin üzlərinə xoşbəxtlik görünür.

Agentlik rəhbəri bildirib ki, Türk Şurası ölkələri azad edilmiş ərazilərdə bərpa işlərində fəal iştirak edəcək və bundan əlavə, Özbəkistan bu ərazilərin infrastrukturunun inkişafında öz köməyini təklif edib:

“Hazırda biz mütəxəssislərlə birgə iştirak edəcəyimiz obyektlərin siyahısını müəyyənləşdiririk. Mənə məlum olduğu qədər, bir məktəbin tikintisi ilə bağlı razılaşma var. Bu, Özbəkistandan Azərbaycan xalqına hədiyyə olacaq”.

A.Xocayev əlavə edib ki, tezliklə bu əməkdaşlığın nəticələri görünəcək və ən əsası isə odur ki, Qarabağ torpaqlarında sülh bərqərar olub.

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: