Naxçıvanda hərbi rəhbərlərin peşəkarlıqlarının artırılması diqqət mərkəzində saxlanılır (FOTO/VİDEO))

Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən ümumtəhsil məktəblərinin hərbi rəhbərləri ilə təlim toplantısı keçirilib.

Müdafiə Nazirliyindən AzerTimes-a verilən məlumata görə, toplantı zamanı əsas diqqət “Gənclərin çağırışaqədərki hazırlığı” fənnini tədris edən hərbi rəhbərlərin şagirdlərlə işləyərkən yeni metodlardan istifadə bacarıqlarının və dərslərə yaradıcılıqla yanaşılması vərdişlərinin təkmilləşdirilməsinə yönəldilib.

Dərslər zamanı bildirilib ki, gələcəyin əsgərləri olacaq şagirdlərdə hərb sənətinə maraq yaratmaq və gəncləri hərbi xidmətə hazırlamaq üçün muxtar respublikada hərtərəfli şərait mövcuddur. Fəxrlə deyirik ki, vətənpərvər gəncliyin yetişməsi nəticəsində Naxçıvandan olan hərbi qulluqçular 44 günlük Vətən müharibəsində şücaətləri ilə fərqləndilər. Həm Heydər Əliyev adına Hərbi Liseyin həm də Naxçıvan Qarnizonu Qoşunlarında təşkil olunan ixtisas hazırlığı kurslarının məzunları ərazi bütövlüyümüz uğrunda aparılan müharibədə rəşadətləri ilə tarix yazdılar. Sevindirici haldır ki, hazırda hərbi rəhbərlər arasında Naxçıvan Qarnizonu Qoşunlarında təşkil edilmiş zabit hazırlığı kursunun məzunları da yer almaqdadır.

Toplantıda hərbi vətənpərvərlik mövzusunda sənədli tədris filmləri nümayiş etdirilib.
Atıcı silahlar üzrə praktiki bilik və bacarıqları yoxlanılan hərbi rəhbərlər yaralılara tibbi yardımın göstərilməsi və fiziki hazırlıq üzrə məşğələlərə cəlb ediliblər. Pilotsuz uçuş aparatlarının təyinatı ilə tanış olan toplantı iştirakçıları Vətən müharibəsində düşməndən qənimət kimi götürülərək saz vəziyyətə gətirilmiş hərbi texnikalara da baxıblar.
Əlahiddə Ümumqoşun Ordunun, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin birgə təşkilatçılığı ilə keçirilən 3 günlük təlim toplantısının yekununda hərbi rəhbərlərin peşəkarlıqlarının artırılmasının bundan sonra da diqqət mərkəzində saxlanılmasının vacibliyindən danışılıb. Qeyd olunub ki, məktəblərimizdə Vətənimizin ərazi bütövlüyü uğrunda vuruşan hərbçilərimizin döyüş yolunu öyrənən vətənpərvər gəncliyin təhsil alması hərbi rəhbərlərin məsuliyyətini daha da artırır.

Sonda hərbi rəhbərləri maraqlandıran suallar cavablandırılıb.

Teqlər: