Müsabiqənin əsas məqsədi media subyektlərinin inkişafı, iqtisadi müstəqilliyinin gücləndirilməsi, fəaliyyətinin təkmilləşdirilməsidir – MEDİA

Xəbər - Elçin Mehdiyev – Trend:

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi (MEDİA) tərəfindən onlayn media subyektlərinə (veb-saytlara) dəstək üçün elan edilən müsabiqənin əsas məqsədi media subyektlərinin inkişafı, iqtisadi müstəqilliyinin gücləndirilməsi, fəaliyyətinin təkmilləşdirilməsi, habelə dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən layihələrin həyata keçirilməsidir.

Bunu AzerTimes-a Agentliyin Kommunikasiya şöbəsinin müdiri Səidə Şəfiyeva deyib.

S.Şəfiyeva bildirib ki, bu cür layihələr agentlik tərəfindən davamlı şəkildə həyata keçiriləcək: “Medianın İnkişafı Agentliyi nizamnaməsinə uyğun olaraq media subyektlərinin inkişafı istiqamətində davamlı olaraq layihələr həyata keçirəcəkdir”.

S.Şəfiyeva vurğulayıb ki, müsabiqədə daha çox onlayn media subyektlərinin iştirak etməsinə şərait yaratmaq üçün onların fəaliyyət müddəti ilə bağlı hər hansı bir şərt qoyulmayıb: “Ancaq media subyektlərinin müsabiqəyə müraciət etdiyi günədək son 3 aylıq dövr ərzində hər ay üzrə ən yuxarı göstəricili 5 xəbər məzmunlu veb-səhifəsi qiymətləndirmə meyarları sırasındadır”.

Şöbə müdiri əlavə edib ki, hazırki müsabiqə müddəti 6 ay üçün nəzərdə tutulur: “Elan edilən maliyyə yardımının göstərilməsi 6 aylıq dövrü əhatə edəcək. Ondan sonrakı dövrdə də bu kimi layihələrin həyata keçirilməsi nəzərdə tutulur”.

S.Şəfiyeva bildirib ki, müsabiqə çərçivəsində onlayn media subyektlərində maliyyə yardımı heç bir fərq qoyulmadan aylıq 3 min manat təşkil edir.

Teqlər: