Multikulturalizm Mərkəzi Xocalı soyqırımına həsr olunan konfrans keçirib (FOTO)

Xəbər - Trend6

Fevralın 23-də Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin təşkilatçılığı ilə Xocalı faciəsinin 29-cu ildönümünə həsr olunan onlayn konfrans keçirilib.

Mərkəzdən AzerTimes-a verilən məlumata görə, tədbirdə Azərbaycandakı dini və milli icmaların nümayəndələri, Xocalı faciəsinin şahidləri, tarixçilər iştirak ediblər. Tədbirin moderatoru, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin analitika şöbəsinin müdiri Rəşad İlyasov konfransı açaraq, Xocalı faciəsi haqda danışıb. Sonra konfrans çıxışlarla davam edib.

BBMM-in icraçı direktoru Rəvan Həsənov Xocalı soyqırımının XX əsrin ən dəhşətli və xüsusi qəddarlıqla törədilmiş soyqırımı cinayət olduğunu vurğulayıb. Məqsədli şəkildə həyata keçirilən bu faciədə yüzlərlə Xocalı sakini, qadın, uşaq və yaşlılar amansızlıqla qətlə yetirilib. O qeyd edib ki, Xocalı soyqırımına ilk dəfə hüquqi qiymət Ümummilli lider Heydər Əliyev tərəfindən verilib. 1994-cü il fevralın 24-də Ulu Öndərin imzaladığı fərmanla həmin gün xalqımıza qarşı törədilmiş soyqırımı aktı kimi qeyd edilməyə başlanıb.


Daha sonra çıxış edən Dövlət İdarəçilik Akademiyasının professoru, tarix elmləri doktoru Həvva Məmmədova ermənilərin iki əsrdən artıq müddət ərzində həyata keçirdikləri etnik təmizləmə və soyqırımı siyasətinin faciəli nəticələrindən, Xocalıda əliyalın dinc insanlara qarşı qanlı terror aktını sübut edən çoxsaylı faktlardan, Xocalı soyqırımının dünyada tanıdılması istiqamətində ölkə rəhbərliyinin genişmiqyaslı fəaliyyətindən söhbət açıb. O vurğulayıb ki, bu gün Azərbaycan dövlətinin haqqın və tarixi ədalətin bərpası yönündə apardığı məqsədyönlü siyasət, dünya azərbaycanlılarının və ictimai təşkilatların dəstəyi ilə həyata keçirilən tədbirlər, o cümlədən “Xocalıya ədalət” kampaniyası Azərbaycan həqiqətlərinin beynəlxalq səviyyədə yayılmasında, qəsbkarların əsl simasının açılmasında önəmli rol oynayır.

Konfransda çıxış edən AMEA Tarix İnstitununaparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Nigar Gözəlova, Bakı Dağ Yəhudiləri Dini İcmasnın sədri Milix Yevdayev, Avropa Yəhudilərinin Bakı Dini İcmasının sədri Aleksandr Şarovskiy, Xocalı sakinləri Məmməd Nağıyev, Murad Məhərrəmov, Azərbaycan Respublikasında Katolik Kilsəsinin Apostol Prefekturasının yepiskopu Vladimir Fekete, Azərbaycan Ukraina Konqresi İctimai Birliyinin sədri Yuriy Osadçenko, Azərbaycan-Avar İctimai Birliyinin sədri Məhəmməd Nooyev, “Samur” Ləzgi Milli Mərkəzinin sədri İmran Rzayev, Azərbaycanda Yaşayan Axısxa Türkləri “Vətən” İctimai Birliyinin sədri İsmayıl Rəhimov, Xilaskar Yevangelik- Lüteranların Bakı dini icmasının pastoru Qotxard Lemke və digərləri Azərbaycan tarixinin ən dəhşətli və faciəli səhifələrindən biri olan Xocalı soyqırımı haqqında tarixi faktlardan, qan donduran dəhşətlərdən söz açıblar.

Teqlər: