Müharibəyə tab gətirməyən Ermənistan iqtisadiyyatı çökür

Müharibəyə tab gətirməyən Ermənistan iqtisadiyyatı çökür

29 gündür davam edən müharibə Ermənistan iqtisadiyyatını tamamilə çökdürüb.

Xüsusilə də koronavirus pandemiyası səbəbindən yaranan çətinliklərin miqyası genişlənib. Bu ölkədə artıq gündəlik yoluxmaların sayı 2300-ü ötür. Ermənistanda mart ayından etibarən iqtisadiyyat yalnız geriyə doğru gedir. Artıq yeddinci aydır ki, göstəricilər üzrə azalma qeydə alınır.

Belə ki, ilin birinci yarısının nəticələrinə görə, iqtisadi fəallıq 4.7% azalıb. Bu isə hökumətin proqnozlarından ən az iki dəfə çoxdur. Ölkənin iqtisadi potensialı səviyyəsinə müvafiq olaraq, son 5 il ərzində mənfi saldo aralığı 2 – 2,8 milyard ABŞ dolları civarında qiymətləndirilib.

Ermənistan statistik qurumunun yaydığı məlumata görə, 2020-ci ilin yanvar-avqust aylarında xarici ticarət dövriyyəsi 10,2 faiz azalıb. Büdcə boşalıb, gözlər xarici donorlardan gələcək qrant yardımlarına dikilib. Bu, bir reallıqdır ki, Ermənistan kənardan maliyyə dəstəyi olmadığı halda öz mövcudluğunu qoruyub saxlaya bilməz. Ancaq Paşinyan hakimiyyətə gəldikdən sonra xarici diasporalarla münasibət də ürəkaçan deyil. Məlumdur ki, koronavirus pandemiyası Ermənistanda iqtisadiyyatın 6 faizdən çox daralmasına səbəb olub. Ermənistanın rəsmi statistikasına görə, pandemiya nəticəsində ölkədə 1213 ticarət obyekti fəaliyyətini tamamən, 5058 obyekt isə müvəqqəti dayandırıb. Bu, Ermənistanda fəaliyyət göstərən ticarət obyektlərinin yarısı deməkdir.

Bundan əlavə, tikinti sektorunda 23 müəssisə ləğv olunub, 231 müəssisə isə fəaliyyətini müvəqqəti dayandırıb. Daşınmaz əmlak sahəsində 5 şirkət ləğv olunub, 205-nin fəaliyyəti bir neçə aylıq dayanıb. Digər xidmətlər sahəsində 234 müəssisə ləğv olunub, 1057 müəssisənin fəaliyyəti bir neçə ay olmayıb. Elmi-texniki və ixtisaslaşmış 67 müəssisə ləğv olunub, daha 493-nün fəaliyyəti dayandırılıb. Təhsil sahəsində 21 şirkət, sosial və səhiyyə xidməti sahəsində 10 müəssisə işini tamamən, birincidə 136-sı, ikincidə isə 120-si müvəqqəti dayandırıb.

Bütün baş verənlərin fonunda müharibə başlayandan sonra Ermənistanın sosial şəbəkələrində intensiv olaraq qiymətlərin qalxması mövzusu müzakirə olunmaqdadır. Ermənilər sosial şəbəkələrdə müharibədən sonra güllərin, çələnglərin, əsgər geyiminin tikilməsinin, yağ və şəkərin qiymətlərinin qalxmasından narazıdırlar.

Onlar bildirir ki, əsgər geyimi 18 000 AMD-dan 25 000 AMD-ya (deyilənlərə görə, müharibə səbəbi ilə bəzi müəssisələr super-mənfəətin 80%-ni də alırlar), supermarketlərdə isə şəkərin qiyməti 320 AMD-dan 385 AMD-a qədər yüksəlib. İstifadəçilər həmin supermarketin sahibinin orduya 50 milyon dram ayırdığından sonra, şəkərin və digər ərzaqların qiymətini qaldıraraq bir həftə ərzində ayırdığı pulu artıqlamasıyla qaytardığını bildirirlər. Ermənistandakı könüllü qruplar müharibənin ilk günündən etibarən sərhədçilər üçün paltar, qida, dərman və digər əşyalar toplayaraq arxada fəaliyyətlər göstərirdi. İrates qəzeti son 10 gündə mağazalarda kərə yağı və şəkərin qiymətinin qalxdığını qeyd edir. 10 gün əvvəl 1 litr yağın qiyməti 600 AMD idisə (bəzilərində 650 AMD, 800 AMD və daha yüksək qiymət ilə satırlar indi), bu gün 750-800 AMD-yə satılır. Bir həftə əvvəl 1 kq şəkər 250-280 AMD idisə, bu gün 410 AMD-dir. Qarabaşaq və un bazarında da inflyasiya müşahidə olunur. Erməni vətəndaşlar bunu bilavasitə davam edən müharibə ilə əlaqələndirirlər.

Müharibə səbəbindən qiyməti artan əsas mallar güllərdir. Xüsusilə dəfn mərasimlərində tələb olunan çiçəklər – qızılgül, qərənfil, qladiolus demək olar ki, 50-100% bahalaşıb. Satıcılar bir gülü 1000 AMD-ə satdıqlarını, amma növbəti gün qiyməti qaldırmalı olduqlarını qeyd edirlər. Gül bazarının əməkdaşı hazırda gülləri daha baha qiymətə aldıqlarını bildirirlər. Ancaq deyilənlərə baxmayaraq, məsələn, adi bir qərənfilin 10 dramdan 70 dramadək bahalaşmasının səbəbi qaranlıq qalır. Dünən Yerevanda bir zanbağı orta hesabla 1500 AMD-yə əldə etmək mümkündür. Bu qiymət bir sıra mağazada müşahidə olunub. Şəhər sakinləri çələnglərin qiymətlərinin kəskin artdığını da iddia edir. Əvvəllər bir çələngin qiyməti 20-30 min dram idisə, indi onu 40-50 min drama əldə etmək olar. Əsgər geyimlərinin qiymətləri müharibə olmayan dövrə nisbətən artıb.

Erməni jurnalistləri sosial şəbəkələrdə erməni istifadəçilərin fikirlərini təsdiqləyiblər. Müşahidələrə görə, bu gün qara bazarda (digər yerlərdə əsgər geyimini yüksək qiymət səbəbindən almaq mümkün deyil) bir paltar dəsti 18-25 min AMD-yə satılır. Müharibədən əvvəl “qara bazar”da qiymətlər 15-17 min dram arasında idi. Nəzərə alsaq ki, müharibə davam etməkdədir, Ermənistan tərəfi müvəqqəti atəşkəslə bağlı əldə edilmiş razılığa əməl etmir. Hərbi siyasi rejim az qala gəncləri, orta yaşlı kişiləri orduya cəlb etməklə bağlı yalvarır. İqtisadi sahədə işləyən işçi qüvvəsinin sayı azalır. Bu da o deməkdir ki, yaxın günlərdə qiymətlərdə baş verən artım davamlı olacaq