Müharibədə fiziki travma almayanlar da sosial-psixoloji müalicə olunmalıdırlar-Reabilitasiya Mərkəzi

Baki. İlhamə İsabalayeva – Trend:

Vətən müharibəsində fiziki travma almayan insanlar da sosial-psixoloji müalicə olunmalıdırlar, çünki insanlarda psixoloji travmalar çox güclü olub.

Bunu AzerTimes-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sumqayıt Reabilitasiya Mərkəzinin Sosial-psixoloji reabilitasiya şöbəsinin müdiri Elmira Hüseynova deyib.

E.Hüseynova qeyd edib ki, sosial-psixoloji reabilitasiyaya ehtiyacı olan insanlar bu prosesdən keçdikdən sonra onların vəziyyətində yaxşılaşma olur.

Onun sözlərinə görə, psixoloji travma alan insanların əsas müalicə yolu sevgidir:


“Səhhətdəki hər bir problemi dərmanla aradan qaldırmaq olmur. Onları daha yaxşı anlamaq, onlara qulaq asmaq, dərdinə şərik olmaq lazımdır. Burada sevginin göstərilməsi çox önəmlidir. Bu insanlar çox həssasdırlar. Onlar çox yaxşı başa düşürlər ki, sən bunları maraq üçün soruşursan, yoxsa onunla birgə bu ağrını yaşayırsan. Biz gərək o ağrını bir yerdə çəkək. Onların ağrısını hiss edə-edə onları o ağrı məngənəsindən çəkib çıxaraq. Onlara imkan verək ki, bu hadisələri yaddan çıxarsınlar. Həmin şəxsləri həyata yalnız yaxınlarının sevgisi geri qaytaracaq”.

E.Hüseynova qeyd edib ki, müharibədə iştirak edən gənclər yaxınlarını, dostlarını, birlikdə döyüşdükləri insanları itiriblər:

“Bu müharibə gənclərimizi çox böyütdü. Biz müharibədə gördük ki, bu uşaqların içində necə bir cəsarət var imiş! İnsan məəttəl qalır, yanımıza necə vəziyyətdə gəlirlər, amma deyirlər ki, lazım olsa, yenə də müharibəyə gedəcəyik. “Torpaq bizimdirsə, getməliyik, analarımızı, bacılarımızı qorumaq üçün getməliyik” deyirlər. Elə hal olub ki, 150 nəfər döyüşüb, onlardan 3-ü sağ qalıb. Qazilərimiz çoxlu qan görüblər, elə hal olub ki, məzara qoymağa bir şey tapmaq üçün dostlarının, döyüş yoldaşlarının əlini-ayağını yerlərdən yığıblar. Mən xalqa da müraciət etmək istəyirəm. Müharibə vaxtı hamı bir yumruq ətrafında birləşdi. Müharibədən sonra da hamı bir yumruq ətrafında birləşməlidir. Torpaqlarımız geri alınıb, bunu edən qazilərimizi diqqətdən kənarda qoymamalıyıq, onlara hamımız qayğı göstərməliyik”.

Teqlər: