Mübariz İbrahimov və Fərid Əhmədovun dəfnindən 10 il keçir

Mübariz İbrahimov və Fərid Əhmədovun dəfnindən 10 il keçir

Bu gün (7 noyabr) Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimov və Fərid Əhmədovun dəfn olunduğu gündən 10 il keçib.

Mübariz Ağakərim oglu İbrahimov 1988-ci il fevralın 7-də Biləsuvar rayonunun Əliabad kəndində anadan olub. 2006-cı ilin mart ayında Biləsuvar Rayon Hərbi Komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılıb. Müddətli hərbi xidmətini Daxili Qoşunlarda atıcı əsgər kimi başlayan Mübariz İbrahimov 2007-ci il noyabrın 20-də yarımqrup komandiri kimi həqiqi hərbi xidmətdən ehtiyata buraxılıb. 2009-cu il sentyabrın 18-də öz arzusu ilə könüllü surətdə yenidən həqiqi hərbi xidmətə qəbul edilərək, Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinin gizir hazırlığı kursunu bitirmiş, motoatıcı taborun motoatıcı tağım komandirinin müavini kimi cəbhə bölgəsində əsgəri borcunu şərəflə və vicdanla yerinə yetirib.

Gizir Mübariz İbrahimov 2010-cu il iyunun 19-da gecə təkbaşına iki ordu arasındakı bir kilometrlik minalanmış sahəni keçərək Ermənistan Silahlı Qüvvələrinin çox sayda əsgər və zabitinə gözlənilməz həmlə edir. Sonra isə düşmənin öz silahlarını özünə qarşı istifadə edərək 5 saat onlarla təkbətək döyüşür. Düşməni ağır itkilərə məruz qoyur, onların zəif cinahlarını üzə çıxarır. Azərbaycan döyüşçüsü səhər saatlarında qeyri-bərabər döyüşdə qəhrəmancasına həlak olur.

Ölümündən sonra Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Milli Ordusunun giziri Mübariz Ağakərim oğlu İbrahimova “Azərbaycanın Milli Qəhrəmanı” adının verilməsi barədə Sərəncam imzalayıb.

Qeyd edək ki, oktyabrın 4-də Mübariz İbrahimovun düşmən qüvvəsini məhv etdiyi posta Azərbaycan Bayrağı sancılıb.

Fərid Əhmədov 1986-cı il fevralın 13-də Cəlilabad rayonunda anadan olub, 2003-cü ildə Nizami adına 1 nömrəli Cəlilabad şəhər orta məktəbini başa vurduqdan sonra Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olmuş və 2007-ci ildə oranı müvəffəqiyyətlə bitirib. Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində birillik ixtisas kursunu keçmiş və cəbhə bölgəsindəki hərbi hissədə kəşfiyyat tağımının və kəşfiyyat bölüyünün komandiri vəzifələrində xidmət edib, baş leytenant hərbi rütbəsinə yüksəlib.

2010-cu il sentyabrın 3-dən 4-nə keçən gecə Tərtərin Çiləbürt kəndi yaxınlığındakı döyüşdə şəhid olub. Birbaşa döyüş xəttində həlak olduğu üçün Fərid Əhmədovun meyiti düşmən tərəfdə qalıb və yalnız noyabrın 6-da Ermənistan və Azərbaycan tərəflərinin razılaşmaları nəticəsində qaytarılıb.

2010-cu il noyabrın 7-də Prezident İlham Əliyev baş leytenant Fərid Güloğlan oğlu Əhmədovun “İgidliyə görə” medalı ilə təltif edilməsi (ölümündən sonra) haqqında sərəncam imzalayıb.