Monqolustanda ölüm hökmü ləğv edildi

Monqolustanda ölüm hökmü ləğv edildi

Monqol Elində ölüm hökmü və işgəncənin verilməsi haqqında qərarın ləğvi qüvvəyə minib.

Bununla Monqol Eli ölüm hökmü ləğv edilən və işgəncələrin tətbiqi qadağan olunan 105-ci dövlət olub.

Ölkə parlamenti 2015-ci il dekabrın 3-də bu barədə qərar qəbul edib. Bu qərar iyulun 1-dən qüvvəyə minib.

Məlumata görə, ölkədə sonuncu dəfə ölüm hökmü 2008-ci ildə icra olunub. 2010-cu ildən isə bununla bağlı moratorium tətbiq edilib.

Ümumiyyətlə, son 5 ildə Benin, Konqo, Fici, Latviya, Madaqaskar, Nauru və Surinam da oxşar addım atıb. Qvineya isə adi cinayətlərə görə ölüm hökmünü ləğv edib.

Qeyd edək ki, Azərbaycanda ölüm hökmü 1998-ci il fevralın 10-da ləğv olunub. Azərbaycan Avropa Şurasına üzv olmadan əvvəl ölüm cəzasını ləğv edərək, barələrində belə hökm çıxarılmış insanların cəzasını ömürlük həbslə əvəzləyib. ABŞ-ın bir sıra ştatlarında və Avropa Şurasına üzvü olan bir sıra dövlətlərdə hələ də ölüm cəzası qüvvədə qalır.