Mingəçevir Dövlət Universitetində Vətən müharibəsi iştirakçısı olan əməkdaşlarla görüş keçirilib (FOTO)

2021-ci ilin 2 fevral tarixində Mingəçevir Dövlət Universitetində (MDU) Vətən Müharibəsində iştirak etmiş universitet əməkdaşlarının iştirakı ilə 2 fevral – Azərbaycan Gəncləri Gününə həsr edilmiş “44 günlük Vətən müharibəsi: gənclərin rolu və gənclər üçün dərslər” mövzusunda tədbir keçirilib.

“Microsoft Teams” platforması üzərindən online formatda keçirilən tədbiri giriş sözü ilə açan MDU-nun rektoru Şahin Bayramov, ilk növbədə, tədbir iştirakçılarını Azərbaycan Gəncləri Günü münasibətilə təbrik edib. Bilikli, bacarıqlı və vətənpərvər gənclərin cəmiyyətdə aparıcı qüvvə olduğunu vurğulayan rektor müzəffər Ali Baş Komandanımızın və rəşadətli Azərbaycan Ordusunun sayəsində tarixi Zəfərin əldə edilməsilə nəticələnən 44 günlük Vətən Müharibəsində həm ön cəbhədə döyüşlərdə, həm də arxa cəbhədə informasiya mübarizəsində və mənəvi dəstək tədbirlərində MDU-nun gənc əməkdaşlarının, tələbə və məzun heyəti üzvlərinin fəallığından danışıb. Qəhrəman əsgər və zabitlərimizin qanı və canı bahasına torpaqlarımızın işğaldan azad edildiyini bildirən Ş.Bayramov Allahdan şəhidlərimizə rəhmət, qazilərimizə şəfa diləyib.

Şanlı qalibiyyətin əldə edilməsilə ölkəmizdə və regionda yeni dövrün başlandığını qeyd edən Ş.Bayramov ölkə başçısı cənab İlham Əliyevin müxtəlif görüşlərdəki çıxışlarında səsləndirdiyi müasir gəncliyin qarşısında dayanan vəzifələri diqqətə çatdırıb və universitet gənclərini 30 il həsrətində olduğumuz doğma Qarabağın dirçəldilməsi məqsədilə dövlətin həyata keçirdiyi sistemli və ardıcıl tədbirlərə fəal dəstək olmağa dəvət edib.
Tədbirdə MDU-nun Vətən Müharibəsində iştirak etmiş əməkdaşları – “Mexanika” kafedrasının müdiri, dosent Mahir İsmayilov, “Riyaziyyat” kafedrasının müəllimi Rövşən Babayev, “Mexanika” kafedrasının müəllimi Qaragöz Kərimov və texniki heyət üzvü Asim Misirzadə məruzələrlə çıxış ediblər.

Azərbaycan tarixinə qızıl hərflərlə həkk olunan və xalqımızın yaddaşında əbədi yaşayacaq möhtəşəm Qələbənin əldə edilməsində pay sahibi olduqları üçün qürur duyduqlarını bildirən məruzəçilər çıxışlarında müharibə dövründə xalqın həmrəyliyi və mənəvi dəstəyindən, keçdikləri şərəfli döyüş yollarından və xatirələrindən, şahidi olduqları qəhrəman əsgərlərin şücaətindən, Vətən Müharibəsinin gənclər üçün tarixi dərslərindən və digər məsələlərdən bəhs ediblər.

Tədbir iştirakçıları tərəfindən maraqla qarşılanan məruzələr geniş müzakirələrə səbəb olub və gənc nəslin vətənpərvərlik ruhunda yetiştirilməsində bu mövzuda tədbirlərin keçirilməsinin mühüm əhəmiyyət daşıması xüsusi vurğulanıb.

Qeyd edək ki, MDU-da Vətən müharibəsi və əldə edilən tarixi Zəfərə həsr olunan, ərazi bütövlüyümüzün təmin edilməsi uğrunda şəhid olan qəhrəmanların adlarının əbədiləşdirilməsinə və şücaətlərinin təbliğinə xidmət edən müxtəlif formatlı tədbirlərin keçirilməsi diqqət mərkəzində saxlanılır.

Teqlər: