Mingəçevir Dövlət Universitetində “Gəl layihə yazaq!” adlı təlim keçirilib (FOTO)

2021-ci ilin 23-25 aprel tarixlərində Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı və Mingəçevir Dövlət Universiteti (MDU) Tələbə Gənclər Təşkilatının birgə təşkilatçılığı ilə “Gəl layihə yazaq!” adlı təlim keçirilib.

“Zoom” platforması üzərindən onlayn formatda təşkil edilən və üç gün davam edən təlimdə MDU-nun müəllimi, “İşıqlı Gələcək” Gənclər İctimai Birliyinin koordinatoru Samrin Xanlayev tələbələri maraqlandıran bir çox məqamlara aydınlıq gətirib.

Təlimin ilk günündə gənclərə layihə təkliflərinin hazırlanması, problem və məqsədin düzgün ifadə edilməsi, layihə çərçivəsində görüləcək işlərin problemin həllinə uyğun gəlməsi, məqsədəuyğun hədəf qruplarının seçilməsi və gözlənilən nəticələrin konkret olaraq müəyyən edilməsi haqqında ətraflı məlumat verilib.

İkinci təlim günündə layihənin zəruri elementləri hesab edilən icra planı, tədbirlər planı və xərclər smetası gənclərə izah olunub.

Üçüncü təlim günündə gənclərə əsasən təsviri hesabat formalarından danışılıb və bu tipli hesabatların hazırlanması zamanı nəzərə alınması vacib olan amillər diqqətə çatdırılıb.

Maraqla qarşılanan təlimdə iştirak edən tələbələrin çoxsaylı sualları ətraflı cavablandırılıb.

Qeyd edək ki, pandemiya dövrünün çətinliklərinə baxmayaraq, sürətlə modernləşən MDU-da tədris prosesi ilə yanaşı, tələbələrin əlavə bilik və bacarıqlar qazanmasına imkan verən təlimlərin keçirilməsinə və səmərəli təhsil mühitinin təmin edilməsinə xüsusi diqqət yetirilir.

Teqlər: