Milli Məclisdə “Ali təhsil haqqında” qanun layhəsi ilə bağlı geniş videokonfrans keçirilib

Xəbər - Elçin Mehdiyev – Trend:

Yanvarın 22-də “Ali təhsil haqqında” Azərbaycan Respublikası qanunu layihəsinin hazırlanması məqsədi ilə yaradılmış işçi qrupunun videokonfrans formatında görüşü keçirilib.

AzerTimes-ın məlumatına görə, Milli Məclisin Sədri Sahibə Qafarovanın təşəbbüsü ilə keçirilən konfransda Azərbaycan Respublikasının təhsil naziri Emin Əmrullayev, Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə, Milli Məclisin Elm və təhsil komitəsinin üzvləri, müvafiq dövlət qurumlarının nümayəndələri, ali təhsil ocaqlarının rəhbərləri və ekspertlər iştirak ediblər.

Videokonfransı giriş sözü ilə açan Milli Məclisin Sədri Sahibə Qafarova, konfrans iştirakçılarını salamlayaraq, 2020-ci ildə ölkəmizdə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu daxili və xarici siyasətin nəticələri və gələcək planlar barədə danışıb. Spiker xatırladıb ki, yanvarın 6-da dövlət başçısının sədrliyi ilə 2020-ci ilin yekunlarına həsr olunmuş videoformatda keçirilmiş müşavirədə Prezident ötən ilin yekunlarını geniş və konseptual şəkildə təhlil edərək qarşıda duran vəzifələri müəyyənləşdirib.

S.Qafarova deyib ki, ötən ilin ən ümdə hadisəsi Vətən müharibəsində əldə olunmuş tarixi zəfər nəticəsində torpaqlarımızın işğaldan azad olunması və ərazi bütövlüyümüzün bərpası olmuşdur. Bu münasibətlə konfrans iştirakçılarına təbriklərini çatdıran spiker Sahibə Qafarova qeyd edib ki, Prezident, Ali Baş Komandan İlham Əliyevin qətiyyətli sərkərdəlik məharəti, yüksək liderlik qabiliyyəti və Şanlı Ordumuzun qəhrəmanlığı sayəsində Azərbaycanın əldə etdiyi bu qələbə tariximizdə əbədi olaraq qalacaqdır.

Geridə qalan 2020-ci ildə koronavirus pandemiyasının bütün dünya dövlətləri üçün yaratdığı problemlər fonunda Azərbaycanın bir çox ölkələrlə müqayisədə bu sınaqdan daha az itkilərlə çıxdığını vurğulayan Milli Məclisin Sədri deyib ki, ötən il ölkəmizdə həyata keçirilən məqsədyönlü siyasət nəticəsində iqtisadiyyatın bir çox sahələrində inkişaf meylləri qeydə alınıb, siyasi islahatların, o cümlədən struktur və kadr islahatlarının həyata keçirilməsi ölkənin demokratik inkişafında keyfiyyətcə yeni mərhələnin başlanğıcı olub.

2020-ci ildə keçirilən növbədənkənar parlament seçkiləri nəticəsində Milli Məclisin yeni tərkibinin formalaşdığını xatırladan S.Qafarova bildirib ki, parlament Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü və praqmatik daxili və xarici siyasətini Milli Məclis səviyyəsində dəstəkləyərək bu istiqamətdə zəruri işlər görüb. Vətən müharibəsində parlament diplomatiyasının bütün imkanları ölkəmizin haqq işi barədə dünya ictimaiyyətini məlumatlandırmağa, Ermənistanın törətdiyi təxribatların beynəlxalq auditoriyaya çatdırılmasına səfərbər olunub. Qanunverici orqanın fəaliyyətinin səmərəliliyinin daha da artırılması, müasir tələblər çərçivəsində həyata keçirilməsi üçün məqsədyönlü addımlar atılıb.

Videokonfransda parlamentin Sədri deyib ki, qlobal pandemiyanın yaratdığı çətinliklərə və məhdudiyyətlərə baxmayaraq, təhsil sahəsində də məqsədyönlü işlər görülüb, istər tədrisin təşkili, istərsə də qəbul imtahanlarının keçirilməsində qarşıya qoyulan məqsədlərə nail olunub. Bu, həm dövlətimiz tərəfindən bu sahəyə yüksək diqqət və qayğının göstərilməsi, həm də təhsil sistemində işlərin peşəkarlıqla təşkil edilməsinin nəticəsidir.

Təhsil sahəsinin hər bir dövlətin, cəmiyyətin inkişafında mühüm rola malik olduğunu qeyd edən S.Qafarova bildirib ki, haqlı olaraq, təhsil, bilik inkişafın, tərəqqinin özəyi kimi dəyərləndirilir. Birmənalı şəkildə qeyd edə bilərik ki, Azərbaycanda təhsilin inkişafına yüksək səviyyədə diqqət və qayğı göstərilir.

Ölkəmizdə təhsil sahəsində həyata keçirilən məqsədyönlü siyasət və ardıcıl tədbirlər nəticəsində böyük nailiyyətlər əldə olunmuşdur. Möhtərəm Prezident İlham Əliyev təhsil sahəsinin inkişafını, ölkəmizdə müasir dünyagörüşlü və vətənpərvər gənc nəslin yetişməsini dövlət siyasətinin mühüm prioritetlərindən biri elan edib, bu istiqamətdə ardıcıl addımlar atılıb. Eyni zamanda, təhsil infrastrukturunun müasirləşdirilməsi istiqamətində mühüm işlər görülüb, son 15 ildə minlərlə orta məktəb tikilib və ya əsaslı təmir olunub. Bu da təhsildə infrastruktur məsələlərinin yüksək səviyyədə həllini təmin edib.

Sədr bildirib ki, ölkəmizdə təhsildə inteqrasiyanı sürətləndirmək, peşəkar, savadlı kadrların hazırlanması məqsədilə də müxtəlif proqramlar icra olunub. Görülən işlərin nəticəsində Azərbaycanda müasir dövrün tələblərinə uyğun güclü təhsil sistemi formalaşıb. Spiker xüsusi vurğulayıb ki, bütün bu işlərin həyata keçirilməsində Azərbaycan Respublikasının Birinci Vitse-prezidenti, hörmətli Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu mühüm işlər görüb, bir çox təşəbbüslər irəli sürüb və reallaşdırıb.

Ölkəmizdə təhsil sahəsində həyata keçirilən islahatların qanunvericilik əsaslarının yaradılması və hüquqi bazanın möhkəmləndirilməsi istiqamətində də uğurlu addımlar atılıb. Bu istiqamətdə Milli Məclis tərəfindən bir sıra qanunlar hazırlanıb və qəbul olunub.

Spiker qeyd edib ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə hazırlanmış və 2013-cü ildə təsdiq etdiyi “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” təhsil sahəsində islahatların yeni mərhələsi olub. Bu strategiyaya uyğun olaraq müasir beynəlxalq təhsil standartlarına əsaslanaraq, Azərbaycanda təhsilin keyfiyyətini yüksəltmək məqsədilə davamlı islahatlar həyata keçirilməkdədir. O cümlədən, ali təhsil sahəsində də sistem xarakterli tədbirlər görülüb, islahatlar aparılıb, ali təhsilin keyfiyyəti xeyli yaxşılaşdırılıb. Bununla belə, zaman sürətlə dəyişir, müasir çağırışlar meydana gəlir. Azərbaycanın sürətli və davamlı inkişafı bütün sahələrdə yeni reallıqlar yaradıb. Və təbii ki, bu yeni və müasir reallıqlar, həmçinin mövcud dünya təcrübəsinin təhlili ölkəmizdə ali təhsil sahəsində köklü islahatların həyata keçirilməsini və qanunvericilik bazasının möhkəmləndirilməsini zəruri edir.

Bu baxımdan, möhtərəm Prezident İlham Əliyevin təsdiq etdiyi “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” ali təhsilin keyfiyyətcə yeni səviyyəyə keçidini təmin etməyə yönəlmişdir. Belə ki, bu proqramda həm ali təhsilin məzmun və keyfiyyət göstəricilərinin beynəlxalq ikili diplom proqramları və xarici mütəxəssislərin cəlb olunması yolu ilə təkmilləşdirilməsi, həm də xaricdə doktorantura təhsili vasitəsilə elmi kadrların hazırlanması nəzərdə tutulur. Ali təhsil müəssisələrinin müasir elmi – tədqiqat və innovasiya mərkəzlərinə çevrilməsi prosesi sürətlənməli və onların dünya reytinqində irəliləməsi təmin olunmalıdır. Nəticə etibarilə tədqiqat universitetlərinin yaradılması, əmək bazarının tələbləri əsasında yenilikçi, peşəkar kadrların hazırlanması təmin edilməlidir.

Milli Məclisin Sədri diqqətə çatdırıb ki, mövcud qanunvericiliyin təhlili göstərir ki, ali təhsilin Avropa ali təhsil məkanına inteqrasiyanı sürətləndirmək məqsədilə kifayət qədər zəruri dövlət proqramlarının icrasına, “Təhsil haqqında” qanuna dəyişiklik və əlavələrin edilməsinə baxmayaraq, ali təhsilin qanunvericilik bazası yetərincə təmin edilməmişdir. Ali təhsil haqqında məsələlər “Təhsil haqqında” Qanunda əsasən bir maddədə və çox qısa formada əksini tapmışdır. Bu sahədə məsələlər digər normativ və hüquqi sənədlər əsasında tənzimlənir. Halbuki, bu məsələlər qanunla tənzimlənməlidir. Bu, həm də Azərbaycanın qoşulduğu beynəlxalq konvensiyaların tələbidir. Ona görə də ilk dəfədir ki, Azərbaycanda “Ali təhsil haqqında” qanun hazırlanır. Sədr qeyd edib ki, əvvəllər belə bir qanun olmayıb.

Spiker bildirib ki, 2021-ci il bizim üçün sadəcə yeni bir təqvim ili deyil. Biz Azərbaycan dövləti və xalqımız üçün yeni bir mərhələyə qədəm qoymuşuq. Bu da onunla bağlıdır ki, Vətən müharibəsində əldə etdiyimiz Zəfər, torpaqlarımızın işğaldan azad olunması ölkəmizin qarşısında yeni perspektivlər yaradıb, yeni vəzifələr müəyyənləşdirib. Bu, quruculuq dövrüdür və bu mərhələdə görüləcək tədbirlər, qarşıda duran vəzifələr sözügedən müşavirədə cənab Prezident tərəfindən aydın şəkildə ifadə edildi. Mən inanıram ki, bu vəzifələrin yerinə yetirilməsi Azərbaycanın uğurla, inamla inkişafına kömək edəcəkdir. O, əminliyini ifadə edib ki, ölkəmizin təhsil ictimaiyyəti də yeni quruculuq dövründə öz üzərinə düşən vəzifələri layiqincə yerinə yetərəcək və Azərbaycanın davamlı inkişafına töhfələr verəcəkdir.

Sədr çıxışının sonunda bugünkü konfransda həm təhsil sahəsində əldə olunan nailiyyətlər və digər məsələlər, həm də “Ali təhsil haqqında” qanunun hazırlanması və qəbul olunması ətrafında müzakirələr aparılacağına, dəyərli təkliflər səslənəcəyinə inamını ifadə edib.

Teqlər: