Milli Gimnastika Arenasında indiyə qədər gördüyüm ən gözəl şərait yaradılıb – Özbəkistan gimnastı

Xəbər - Cani Babayeva – AzerTimes:

Milli Gimnastika Arenasında indiyə qədər gördüyüm ən gözəl şərait yaradılıb.

Bunu AzerTimes-ə Özbəkistan gimnastı Təhminə İkromova deyib.

O, ilk dəfə Bakıya gəldiyini bildirib: “Bu, mənim Dünya Kubokunda ilk iştirakımdır. Bizi ən yüksək səviyyədə qarşıladılar, hesab edirəm ki, burada ən yaxşı şərait yaradılıb. Dünya Kubokunda iştirak mənim üçün sürpriz oldu. Yarışda başqa gimnast iştirak etməli idi, amma o, zədə aldı. Dünya Kubokunda iştirak edəcəyim barədə mənə deyiləndə həyəcanlandım. Amma sonra özümü toplayıb, böyük səylə hazırlaşmağa başladım. Daha əvvəl Bakıda olmuş komanda yoldaşlarım burada məşq etməkdən məmnun olduqlarını deyiblər”.

Gimnast bugünkü çıxışından tam razı qalmadığını, bəzi səhvlərə yol verdiyini də deyib.

Qeyd edək ki, bədii gimnastika üzrə Dünya Kuboku mayın 7-dən 9-dək keçiriləcək.


Azərbaycanı Dünya Kubokunda Yay Universiadasının gümüş medalçısı, İslam Həmrəyliyi Oyunlarının qızıl medalçısı, Olimpiya Oyunlarına lisenziya qazanmış Zöhrə Ağamirova, gənclər arasında dünya çempionatının ikiqat mükafatçısı Arzu Cəlilova, eləcə də son Avropa çempionatının üçqat medalçısı, Olimpiya Oyunlarına lisenziya qazanmış qrup hərəkətləri komandası (Ləman Əlimuradova, Zeynəb Hümmətova, Yelizaveta Luzan, Məryəm Səfərova, Darya Sorokina) təmsil edəcək.

Dünya Kubokunda 36 ölkədən qrup komandaları tərkibində 106 (18 qrup), fərdi proqram üzrə isə 63 gimnast mübarizə aparacaq.

Ənənəyə uyğun olaraq yarışlarda ən çox xal toplamış gimnasta “AGF Trophy” kuboku təqdim olunacaq.

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: