Angela Merkel Putinlə görüşdü

Angela Merkel Putinlə görüşdü

Rusiya prezidenti Vladimir Putin Almaniya kansleri Angela Merkellə birgə mətbuat konfransı keçirib.

İki lider Soçi danışıqları, iki ölkə arasındakı münasibətlər, terrorizmlə mübarizə, Yaxın Şərqdə vəziyyət və Minsk razılaşmasının reallaşması barədə məsələlərə toxunublar.

Putin qlobal iqtisadi konyukturalara və siyasi çətinliklərə rəğmən, Almaniyanı Rusiyanın əsas iqtisadi tərəfdaşı adlandırıb: “Yanvar-fevral aylarında iki ölkə arasında ticarət dövriyyəsinin həcmi 43 faiz artıb. Almaniya Rusiyanın ən böyük təbii qaz ixracatçısıdır. Almaniya bazarının təbii qaza olan ehtiyacının 35 faizini Rusiya ödəyir”

Angela Merkel yaşanan çətinliklərə rəğmən Rusiya ilə dialoqu davam etdirəcəklərini bildirib.

İki ölkə arasında narahatlıq doğuran əsas məsələlərdən biri də Ukraynadakı vəziyyətdir: “Qərara alındı ki, atəşkəsi davam etdirmək və münaqişənin danışıqlar yolu ilə həlli üçün bütün səylərimizi sərf edək. Rəsmi Kiyev və tanınmamış respublikalar ilə dialoqu davam etdirək, regionda qanunu möhkəmləndirək və orada seçkilərin keçirilməsini təmin edək” deyə V. Putin bildirib.
Rusiya prezidenti əlavə edib ki, “heç kim Donbası Ukraynadan ayırmır. Blokadanın köməyi ilə Ukrayna hakimiyyəti özü bunu edir”.
Almaniya kansleri Ukrayna ilə bağlı Rusiyanın Minsk razılaşmasına əməl edəcəyinə və Qərbin Rəsmi Moskvaya qarşı tətbiq etdiyi sanksiyaları aradan qaldırılacağına inandığını bildirib.

Görüşdə Suriya məsələsidə əsas müzakirə mövzusu olub. Putin deyib ki, Rusiya Xan-Şehhundakı vəziyyətin araşdırılmasını yaxından izləyir: “Biz kimyəvi silahdan istifadə edərək dinc suriyalıların ölümündə günahkar olanların tapılıb cəzalandırılmasını istəyirik”.

Rusiyanın ABŞ-da keçirilən prezident seçkilərinə təsiri barədə iddialara münasibət bildirən V.Putin bunun təsdiqlənməyən şayiələr olduğunu və amerikalı siyasətçilərin daxili mübarizəsində istifadə olunduğunu deyib.

Rusiya prezidenti heç bir ölkənin daxili işlərinə qarışmadıqlarını, bunun əksinə olaraq, bəzi ölkələrin Rusiyanın daxili siyasətinə müdaxiləyə cəhd etdiyini söyləyib.