Məni Şuşa həbsxanasında dəmir parçası ilə döyüb qarın altında basdırdılar – Əsirlikdə olan şəxs

Xəbər - Samir Əli – AzerTimes:

Şuşa həbsxanasının qarşısı buz bağlamışdı, oranı bizə təmizlətdilər, məni orda dəmir parçası ilə döyüb qarın altında basdırdılar.

AzerTimes-ın məlumatına görə, bunu bu gün Yasamal Rayon Məhkəməsində azərbaycanlı əsirlərə işgəncələr verən Alyoşa Xosrovyan və Lüdvik Mkrtçyanın cinayət işi üzrə keçirilən məhkəmə prosesində ifadə verən zərərçəkmiş Cavid Hüseyn deyib.

O bildirib ki, təqsirləndirilən şəxslər məhkəmədə özlərini məzlum göstərsə də, Şuşa həbsxanasında cəllad idilər: “Hər ikisi Azərbaycan dilini bilir. Mən 1994-cü ildə Ağdamın Güllücə kəndi uğrunda gedən döyüşlərdə əsir düşmüşəm. Həmin gün bizi Ağdamda saxladılar, orada bizi öldürmək istəyirdilər. Sonradan onlara məlumat gəldi ki bizi dəyişəcəklər. Bizi əvvəlcə bizi Xankəndinə aparıb döydülər, daha sonra Şuşa həbsxanasına apardılar. Orda bizi dəmir boru ilə başımıza vururdular”. Zərərçəkmiş deyib ki onu döyüb Şuşa həbsxanasının qarşısında qarın altında basdırıblar: “Qış idi, güclü qar yağmışdı. Şuşa həbsxanasının qarşısı buz bağlamışdı, oranı bizə təmizlətdilər, məni orda dəmir parçası ilə döyüb qarın altında basdırdılar.

Beynəlxalq Qırmızı Xaç Komitəsinin əməkdaşları gəlmişdi, onlar mənim vəziyyətimi görməsin deyə məni qalaya atdılar. Lüdvik Mkrtçyan və Alyoşa Xosrovyan mənim əllərimi bağladı, həbsxananın rəis müavini məni döyməyə başladı. Mənə sual verdilər ki, Qarabağ bizimdir yoxsa sizin? Mən cavab verdim ki Qarabağ bizimdir . Məni dubinka ilə elə döydülər ki, gözüm çıxdı. Sonra Yenə Beynəlxalq Qırmızı Xaç Komitəsi gəldi bizə baş çəkməyə. Yenə də mənim bu vəziyyətimi görməmək üçün karsa saldılar”.

Cavid Hüseyn bildirib ki, ermənilər əsirlərə həm də mənəvi işgəncələr verib: “Biz Şuşa Həbsxanasında olanda uşaq bağçalarından uşaqları gətirib bizi onlara göstərib dedilər ki, bunlar türkdür, bizim düşmənlərimizdir, onlara yaxın getməyin sizi öldürərlər. Onlar uşaqları nasis kimi böyüdürdülər. Bizi müxtəlif alətlərlə döyürdülər.

Həbsxanada olanda bunlar türməyə qız gətirirdilər. Qızların gözləri qarşısında bizi döyürdülər və bu hərəkətlərini qızlara göstərməklə fəxr edirdilər.

Mkrtçyanın əlinin üstündə LMN yazısı var idi. Bu baxış zamanı da təsdiqləndi”.

Teqlər: