Məktəbdə çalışan heç bir işçidə peyvənddən sonra əks-təsir yaranmayıb – Direktor

Xəbər - İlhamə İsabalayeva – Trend:

Müəllimlərin COVİD-19-a qarşı vaksinasiyada iştirakı olduqca vacibdir, çünki onlar cəmiyyətin ən həssas təbəqələrindən olan uşaqlarla canlı təmasda olurlar.

Bunu AzerTimes-a Quba rayon R.O.Məmmədov adına Alekseyevka kənd tam orta məktəbinin direktoru İsa Əlixanlı deyib.

COVİD-19-a qarşı vaksinin birinci dozasını artıq vurdurduğunu bildirən direktor məktəbdə yaşı 50-dən çox olan 60-a yaxın şəxsin peyvənd olunduğunu söyləyib: “Nə məndə, nə də məktəbdə çalışan işçilərin heç birində peyvənddən sonra əks-təsir yaranmayıb. Hamımız özümüzü çox yaxşı hiss etmişik”.


İ.Əlixanlı qeyd edib ki, peyvəndin olunması onda arxayınlıq yaratmayıb. Peyvənd olunduqdan sonra virusdan qorunmaq üçün lazım olan bütün qaydalara yenə də tam olaraq riayət edir: “Həkimlərin tövsiyəsinə görə, ikinci dozanı vurdurandan 1 ay sonraya qədər tibbi maskadan istifadə etməlisən. Mən də buna riayət edəcəyəm. Hər kəsə tövsiyə edirəm ki, vaksin vurdursun. Çünki pandemiyadan qurtulmağın yeganə yolu budur”.

Teqlər: