Masallıda yaşayış yerini tərk edən COVID-19 xəstəsi aşkarlandı

Xəbər - Samir Əli – Trend:

Karantin rejimi tələblərinin təmin edilməsi, koronavirus infeksiyanın yayılmasının qarşısının alınması məqsədilə polis əməkdaşları tərəfindən nəzarət–profilaktik tədbirlər davam etdirilir. Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə COVID-19 infeksiyasına yoluxmuş rayon sakininin yaşayış yerini tərk etdiyi müəyyən edilib.

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan AzerTimes-a verilən məlumata görə, Masallı şəhər sakini M.Bədəlbəyliyə COVID-19 infeksiyası testinin pozitiv nəticəsinə görə, ev şəraitində müalicə təyin edilib və ona tətbiq olunan qaydalara riayət etməsi, yaşayış yerini tərk etməməsi tapşırılıb.

Masallı RPŞ-nin əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə həmin şəxsin karantin rejimi qaydalarını kobud şəkildə pozaraq yaşayış yerini tərk etdiyi müəyyən edilib və o tibbi prosedurlar gözlənilməklə yaşadığı ünvana qaytarılıb.


Onun törətdiyi əmələ hüquqi qiymət verilməsi üçün Masallı RPŞ-nin istintaq bölməsində araşdırma aparılır.

Teqlər: